Rusiyanın Xalq artisti Alla Puqaçova uzun illər sahib olduğu “Baronessa fon Orbah” əmtəə nişanını itirib.
Tribuna.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, avqustun 2-də brendin qeydiyyat müddəti başa çatıb. Sənətçi 22 min rubl (təxminən 472 manat) təşkil edən yenilənmə rüsumunu ödəmədiyi üçün əmtəə nişanına hüququnu itirib.
Məlumata görə, bu brendin tarixi 1990-cı illərə təsadüf edir. Həmin dövrdə Puqaçova keçmiş həyat yoldaşı Mikolas Orbakasın nəsil şəcərəsinə əsaslanaraq özünü “Baronessa fon Orbah” tituluna hüquqi cəhətdən bağlamağa çalışsa da, Litva baronu fon Orbahın həmin nəslə mənsub olduğunu təsdiqləyən sənədlər tapılmayıb. Nəticədə ifaçı bu adı yalnız kommersiya brendi kimi qeydiyyatdan keçirə bilib.
Qeyd edək ki, “Baronessa fon Orbah” əmtəə nişanı altında əvvəllər ətir, geyim, spirtli içkilər və digər məhsulların satışını həyata keçirmək mümkün idi.









