Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 17-də yaşayan Vəli Quliyev sakinlərin üzləşdikləri özbaşınalıqdan bəhs edib.
Tribuna.az bildirir ki, Bakıxanov qəsəbə sakini Tik-Tok hesabında prezidentə müraciət edib.
Onun sözlərinə görə, bu məhəllədə 120 ailə yaşayır. Vətəndaş bildirib ki, Sabunçu icra başçısı Adil Vəliyevin tapşırığı əsasında şlaqbaum qoyulub, lakin elə o gündən bəri 3-4 aydır camaatın gecəsi-gündüzü yoxdur: “Şlaqbaum qoyulandan sonra sakinlərə pult paylandı. Bu zaman icra hakimiyyətinin əməkdaşı Müşviq müəllim gəlib dedi ki, pultun biri icra başçısının, biri JEK-in olacaq. O, icra başçısının adından sui-istifadə edərək canımızı boğazımıza yığıb. Belə ki, həmin pult 10 GX 988 nömrə nişanlı maşın üçün istənilib. Avtomobilin sahibi Hüseyn adlı şəxsdir. Deyirlər ki, guya icra başçısı Adil Vəliyevin qohumudur. Lakin biz buna inanmadıq. Çünki Adil Vəliyev prezidentin ən etibarlı nümayəndəsidir. Amma Müşviq müəllim əl çəkmədi və mənə yenə zəng etdi ki, Hüseyn üçün pult təşkil etmək lazımdır. Mən dedim ki, sakinlər narazılıq edirlər. Ondan sonra Müşviq müəllim bizi hədələdi ki, tezliklə yaşadığınız üçmərtəbəli binalar söküləcək, onda icra başçısı Adil Vəliyev sizə “toy tutacaq”. Uzun söz-söhbətdən sonra dedi ki, Adil Vəliyev məhəlləyə necə şlaqbaum qoydurubsa, elə də sökdürəcək. Daha sonra telefonda mənə ağır sözlər dedi, təhqirlər yağdırdı”.
Vəli Quliyev bildirib ki, prezidentdən bu məsələ ilə bağlı tapşırıq verilməsini xahiş edir. O, icra başçısının adından istifadə olunduğuna inanır və deyir ki, əgər Adil Vəliyevə lazımdırsa, həmin pultu təqdim etməyə hazırdırlar.
Qeyd edək ki, Sabunçu İH-də Müşviq adlı yeganə şəxs məsləhətçi vəzifəsindədir. O, Mustafayev Müşviq İsrafil oğludur.
Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.
Həsən Ağa









