Donald Tramp məhkəmə prosesi çərçivəsində cinayət işi üzrə rəsmi ittiham irəli sürülən ilk ABŞ-ın eks-prezidenti olub. Manhetten böyük andlılar heyətinin üzvləri buna səs veriblər.
BBC-nin Vainqtondakı müxbiri Entoni Zurker qərarı tektonik yerdəyişmə ilə müqayisə edir, ondan ABŞ siyasətinin bütün strukturu artıq sarsılmağa başlayıb və bəzi yerlərdə hətta çatlar artıq yaranıb.
Tribuna.az Zurkerin məqaləsinin tərcüməsini təqdim edir.
Tramp ABŞ-ın cinayət əməlində ittiham olunan ilk eks-prezidenti olacaq. Bütün bundan irəli gələn nəticələrlə: onun barmaq izi alınacaq, profildən və üzünün tam şəkli çəkiləcək və Ağ Evin keçmiş rəhbəri rəsmən müttəhim statusu alacaq.
Əgər işə baxılarkən sürprizlər olmasa, ABŞ-ın 45-ci prezidenti tezliklə andlılar heyəti qarşısına çıxan ilk keçmiş dövlət başçısı olacaq.
Amerika siyasətindəki bu əsl tektonik dəyişikliyin ilk əks-sədaları artıq bütün siyasi mənzərədə hiss olunur.
İşin bəzi aspektləri tamamilə proqnozlaşdırıla biləndir. Başlanmış cinayət işi çərçivəsində məhkəmənin eks-prezidentə qarşı hansı ittihamları irəli sürəcəyi hələ tam aydın deyil, lakin Trampın özü, övladları və onların işə cəlb etdiyi vəkillər ordusu cinayət işini siyasi motivli adlandıraraq, artıq yekdilliklə bunları rədd edir.
Onlar üçün bu, 2024-cü il prezident seçkilərində qalib gələrək Ağ Evə qayıtmaq şansına malik olan Trampın seçki kampaniyasını pozmaq cəhdi kimi görünür.
Ötən şənbə Texasda tərəfdarları ilə görüşdə çıxış edən Tramp, sadəcə olaraq, gözlənilən həbsi mövzusu ilə məşğul idi.
Tramp Nyu York dairə prokurorunun araşdırması ilə bağlı “Bu, prokurorun yanlış davranışıdır” deyib: “Bu solçu manyaklar üçün insanın günahsız olmasının heç bir fərqi yoxdur”.
Trampı ittiham etmək qərarı elan olunan kimi Respublikaçılar Partiyasının bir çox üzvü keçmiş prezidentlərini müdafiə etməyə tələsdilər.
Nümayəndələr palatasının bir sıra yüksək vəzifəli konqresmenləri ittiham aktını hədsiz adlandırıb və parlamentin hərtərəfli araşdırma aparacağını vəd ediblər.
Nümayəndələr Palatasının spikeri Kevin Makkarti 2024-cü ildə keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdi ilə Nyu York dairəsinin prokurorunun “millətə düzəlməz zərər vurduğunu” bildirib.
Hətta onun qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyi uğrunda mübarizədə potensial rəqiblərindən bir neçəsi Trampa hücumları pisləyib.
“Ağır cinayət törədən hər kəsin təqib edilməsi amerikalıların təhlükəsizliyi üçün vacibdir, lakin siyasi motivli təqiblər Amerika hüquq sistemini sui-istifadə alətinə çevirməklə təhdid edilir”, – Tramp administrasiyasında Dövlət Departamentinin rəhbəri vəzifəsində çalışmış Mayk Pompeo deyib.
Trampın praymerizlərdə əsas potensial rəqibi kimi görünən Florida qubernatoru Ron DeSantis də Twitter-də çıxış edərək ittihamnaməni “Amerika ruhuna zidd” (“un-American”) adlandırıb.
“Hüquq sistemini siyasi gündəmi irəli çəkmək üçün silaha çevirmək qanunun aliliyini baş-ayaq edir”, – o yazır.
O, həmçinin əlavə edib ki, Florida hakimiyyəti Trampın ittihamlarla üzləşməsi üçün Nyu Yorka ekstradisiyasına kömək etmək niyyətində deyil, baxmayaraq ki, keçmiş prezidentin vəkilləri əvvəlcə onun könüllü olaraq məhkəməyə gələcəyini bəyan ediblər. Bunun gələn həftənin əvvəlində baş verəcəyi gözlənilir (artıq ABŞ-ın keçmiş prezidenti Donald Trampın 4 aprel saat 14:15-də (Bakı vaxtı ilə 22:15) Manhetten Cinayət Məhkəməsi qarşısına çıxacağı məlum olub – red.).
Ətraflı
Lakin nə vaxtsa indi Trampı dəstəkləyənlər ondan üz döndərməli olacaqlar.
Respublikaçılardan prezidentlik yarışında iştirak etmək üçün o qədər də məşhur olmayan potensial namizədlərdən biri, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson bir gün əvvəl hadisələrin belə inkişafına eyham vurub.
“Keçmiş prezidentə cinayət maddələri ilə ittiham irəli sürüldüyü gün Amerika üçün qara gündür”, – o deyib, lakin o, ittihamları ədalətsiz adlandırmayıb və ümumiyyətlə, onları mənfi qiymətləndirməkdən çəkinib.
Sorğulara görə, Trampın bəyənmə reytinqləri son vaxtlar yüksəlib, lakin müttəhim kimi o, partiya yoldaşları üçün bir yük olacaq və praymerizlərdə Respublikaçılar Partiyasından namizədliyini qazanmaq şansını azaldacaq.
Maraqlıdır ki, Trampın respublikaçılar düşərgəsindən olan əleyhdarları bu barədə sevincdən çox kədərlə danışırlar.
Bu arada, Trampın kampaniyası ön səhifədəki başlıqlar və qalmaqallı xəbərlər fonunda qarşıdan gələn kampaniyanın ehtiyacları üçün yeni bir vəsait topladığını elan edərək vəziyyəti öz xeyrinə çevirməyə çalışır.
“2024-cü ildə Ağ Ev uğrunda mübarizədə qazana bilməmiz və hərəkatımızı sonsuz cadugər ovlarından qorumaq üçün əlinizdən gələni edin”, – Tramp cümə axşamı axşam Manhetten andlılar heyətinin qərarının elan edilməsindən qısa müddət sonra verdiyi açıqlamada bildirib.
Mətndə həmçinin iddia edilir ki, Trampa qarşı ittiham aktı bütün demokratlara və şəxsən prezident Baydenə “ziyan vuracaq”.
İndiyə qədər Ağ Ev sürətlə inkişaf edən hadisələrlə bağlı hər hansı şərhdən ehtiyatla yayınıb. Yanvarın 6-da Kapitoliyə hücumdan sonra 2021-ci ildə Senatda Trampın impiçmenti üzrə məhkəmə prosesi zamanı ABŞ administrasiyası da məhz eyni strategiyaya əməl edib.
Ola bilsin ki, administrasiya bir vaxtlar səhv edən düşmənə mane olmamağı deyən Napoleonun məsləhətinə əməl edir.
Digər demokratlar isə daha az təmkinlidirlər.
“Hüquq sistemimizin mərkəzində hər bir insanın qanun qarşısında mütləq bərabərliyi prinsipi dayanır, – demokrat senator Kori Buker bildirib. – Və heç kimə özünü qanundan üstün tutmağa icazə verilmir”.
Demokratlar Partiyasının Milli komitəsinin sözçüsü Trampın “Amerikanı yenidən qüdrətli edək” hərəkatının yaranan hüquqi problemlərini və bunu ümumilikdə Respublikaçılar Partiyası ilə əlaqələndirməyə çalışaraq daha açıq danışıb.
Keçən ilki aralıq seçkilərdə demokratların gözlənilməz yüksək nəticələrini bir çox politoloqlar onların populyarlığı ilə deyil, Trampın bir sıra respublikaçı namizədlərə verdiyi dəstəyin onlar üçün “zəhərli” olması və rəqiblərin əlinə oynaması ilə əlaqələndirirlər. Respublikaçıların əhəmiyyətli hissəsinin eks-prezidenti sevməsinə baxmayaraq, Tramp bütövlükdə ölkə əhalisi arasında o qədər də rəğbət doğurmur.
Görünür, demokratlar bu dəfə də eyni taktika ilə getmək qərarına gəliblər.
Trampın ətrafında cərəyan edən hüquqi dram zirvəsinə çata və 2024-cü il seçkilərindən xeyli əvvəl bitə bilər. Onun siyasi nəticələri isə dramaturgiyanın hansı yolla inkişaf etməsindən, daha kimlərin bu işə qarışacağından asılı olacaq.
Hazırda, adi seçicilərin Trampa qarşı ittihama münasibəti onların partiya sadiqliyi ilə açıq şəkildə əlaqələndirilir. Müasir ABŞ siyasətinin demək olar ki, istənilən bir aktual məsələsinə dair fikirləri kimi.









