Avropa İttifaqı məhkəməsi rusiyalı milyarder Roman Abramoviçin ona qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı apellyasiya şikayətini rədd edib.
Tribuna.az xəbər verir ki,Politico-nun yazdığına görə, Aİ Baş Məhkəməsi sanksiyaların tətbiqi üçün müəyyən edilən meyarların obyektiv, kifayət qədər dəqiq və məqsədəuyğun olduğunu bildirib. Məhkəmə hesab edib ki, məhdudiyyətlər Rusiyada fəaliyyət göstərən və ölkə hökumətinə əhəmiyyətli gəlir gətirən biznesmenlərə qarşı tətbiq edilə bilər.
Məhkəmə Abramoviçin sanksiyaların onun ictimai tanınmışlığı səbəbindən tətbiq edildiyi barədə iddiasını da qəbul etməyib. Qərarda vurğulanıb ki, məhdudiyyətlərin əsas səbəbi onun kapitalı və Rusiyanın iqtisadi sistemi ilə əlaqələri olub.
Abramoviç həmçinin sanksiya qərarlarının Aİ ölkələrinin hökumətləri tərəfindən deyil, Şuranın işçi qrupları tərəfindən hazırlandığını iddia edib. Hakimlər isə bildiriblər ki, işçi qrupları hazırlıq işləri aparsa belə, yekun qərarı Avropa İttifaqı Şurası qəbul edib.
Beləliklə, məhkəmə sanksiyaların Aİ qanunvericiliyinə və əsas hüquqlar haqqında Xartiyaya uyğun olduğunu, həmçinin Ukraynada müharibənin sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə mütənasib tədbir sayıldığını müəyyən edib.
Abramoviç qərardan Aİ Ədalət Məhkəməsinə şikayət vermək üçün iki ay və 10 gün müddətə malikdir.
Abramoviçin 2,35 milyard funt sterlinqlik mübahisəsi
Abramoviç hazırda Böyük Britaniyada da sanksiyalar altındadır. London onun 2022-ci ildə “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,35 milyard funt sterlinqin Ukraynada müharibədən zərər çəkənlərə yardım üçün yönəldilməsini tələb edir.
Milyarderin hüquqşünasları isə bu vəsaitin tamamilə Abramoviçə məxsus olduğunu bildirərək, Britaniya hökumətinin pullara birtərəfli qaydada sərəncam vermək hüququnu mübahisələndirirlər.
Hazırda təxminən 3,1 milyard dollar vəsait Abramoviçə məxsus Fordstam Ltd şirkətinin hesabında dondurulmuş vəziyyətdədir.
Mübahisənin əsas səbəblərindən biri isə yardımın kimlərə çatdırılması məsələsidir. Abramoviç 2022-ci ildə satışdan əldə olunan vəsaiti “müharibənin bütün qurbanlarına” yardım üçün ayıracağını bildirmişdi. Sonradan bu ifadəyə Rusiya tərəfinin də daxil olduğu məlum olmuşdu.
İmran Kərimli









