“Qarabağ”ın Bakıda “Qalatasaray”a qarşı keçirdiyi yoldaşlıq oyunundan (1:2) sonra iki futbolçusu ilə bağlı transfer xəbərləri çıxmağa başlayıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi Toral Bayramovun adı məhz “Qalatasaray”la hallanır, yarımmüdafiəçi Abdullah Zubirin isə “Alanyaspor” klubunun hədəfində olduğu iddia edilir. Ümumilikdə mövsümün sonuna az qalmış artıq “Qarabağ”ın bir neçə üzvü ilə bağlı xəbərlər çıxmaqdadır. Yayda “atlılar”ı tərk edə biləcək və adı müxtəlif klublarla hallanan futbolçuların siyahısını təqdim edirik:
Elvin Cəfərquliyev – 22 yaşlı cinah müdafiəçisi ilə Belçikanın “Anderlext” klubu maraqlanır. Ölkəsinin titullu komandalarından olan “Anderlext”in yayda Azərbaycan çempionuna Cəfərquliyev üçün rəsmi təklif göndərəcəyi bildirilir. Müdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Toral Bayramov – adı “Qalatasaray”la hallanan futbolçunun klubdakı gələcəyi yayda bəlli olacaq. İstanbul təmsilçisi Azərbaycan yığmasının da üzvü olan müdafiəçi üçün mövsümün sonunu gözləyəcək. Bayramovun “Qarabağ”la sözləşməsi 2026-cı ilin yayına qədərdir.
İsmayıl İbrahimli – cari mövsümdə az şans qazanan yarımmüdafiəçi klubdakı mövqeyindən narahatdır. 25 yaşlı futbolçu yayda daha çox oynaya biləcəyi bir komandaya keçmək istəyir. Adı “Zirə” və “Şamaxı” ilə hallanır. İsmayılın müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Filip Ozobiç – sözləşməsi yaya qədər olan yarımmüdafiəçi böyük ehtimalla klubu tərk edəcək. Əsas heyətdəki yerini itirən Ozobiçin adı “Neftçi” ilə hallanır. Futbolçunun ölkəsinə – Xorvatiyaya qayıtmaq variantı da var.
Abdullah Zubir – “Qarabağ”ın son illərdə əsas hücum silahına çevrilən yarımmüdafiəçiyə Türkiyə klublarından maraq var. Driblinqləri və fərdi oyunu ilə ön plana çıxan 31 yaşlı futbolçunun adı bir ara “Lill”lə də hallanırdı. Zubirin durumu yayda bəlli olacaq. Sözləşməsi 2024-cü ilin yayına qədərdir.
Ramil Şeydayev – “Atlılar”ın bu mövsüm bombardirləri arasında olan forvardın adı Rusiyanın “Krılya Sovetov” və Macarıstanın “Ferentsvaroş” klubu ilə hallanır. Daha əvvəl də Rusiya təmsilçisində çıxış edən hücumçunun “Qarabağ”la sözləşməsi mövsümün sonunda bitir və hələ müqavilənin uzadılması ilə bağlı razılıq əldə edilməyib. Şeydayevin adı “Neftçi” ilə də hallansa da, “ağ-qaralar” xəbərləri təkzib edib.
Musa Qurbanlı – Premyer Liqada 20 qolla bombardir olan gənc hücumçunu komandada saxlamaq çətin olacaq. Bu mövsümkü çıxışı ilə diqqətləri üzərinə çəkən forvard qışda “Poqon”dan (Polşa) təklif olsa da, “Qarabağ” onu satmaq istəməyib. Qurbanlı ilə Türkiyə, Polşa və Macarıstandan maraq var. Müqaviləsi 2026-cı ilin yayına qədərdir.









