Azərbaycanda əhalinin doğum göstəricilərinin aşağı düşməsi demoqrafik vəziyyətlə bağlı narahatlıqları artırır.
Tribuna.az xəbər verir ki, bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu gedişlə Azərbaycan demoqrafiq quyuya düşəcək:
“2026-cı ilin ilk 6 ayında Azərbaycanda 40 798 doğuş qeydə alınıb. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödənilib.
Bu rəqəmlər əsasında 2026-cı ildə Azərbaycanda doğulan uşaqların sayının 90 mindən aşağı olması ehtimal edilir”.
İqtisadçı bunun müstəqillik tarixində ən aşağı göstərici ola biləcəyini qeyd edib.
O, həmçinin doğulan uşaqların cins nisbətinə diqqət çəkib. Bildirib ki, müavinət ödənişləri 26 675 qız və 30 305 oğlan uşağına görə həyata keçirilib.
Beləliklə, oğlan uşaqlarının sayı qızlardan 3 630 nəfər çox olub.
İqtisadçı bu fərqin Azərbaycanda selektiv abort probleminin hələ də aktual olduğunu göstərdiyini bildirib.
“Bir sözlə, Azərbaycan ‘demoqrafik quyuya’ düşür-düşəcək. Bu gün məsələni problem kimi görüb həll yolları təklif və qəbul edə bilməsək, cəmi 10-15 ildən sonra demoqrafik böhran, təqaüd ödənişləri böhranı ilə paralel olaraq dərinləşəcək”, – deyə Natiq Cəfərli vurğulayıb.
Nigar İxtiyarqızı










