“Çıraq”da iylənmiş ət iddiası – AQTA restoranlara necə nəzarət edir?

“Çıraq”da iylənmiş ət iddiası – AQTA restoranlara necə nəzarət edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkələrdə yayılan videoda “Çıraq” şadlıq sarayında müştərilərə iylənmiş ət təqdim edildiyi iddia olunur.
Toy iştirakçılarından birinin çəkdiyi videoda sözügedən qidaların narazılıqdan sonra işçilər tərəfindən masalardan götürüldüyü əks olunub.
Tribuna.az xəbər verir ki,  məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə halların baş verməsinin əsas səbəblərindən biri ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır:
“Belə halların baş verməsinin əsas səbəblərindən biri ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. Hökumət biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb. Yoxlamalar, araşdırmalar və nəzarət mexanizmləri lazımi səviyyədə deyil. Belə bir şəraitdə biznes qurumları mövcud vəziyyətdən sui-istifadə edirlər. Dövlət qurumlarının əli-qolu bağlıdır.
Problemin kökündə istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunun 1995-ci ildə qəbul edilməsi və o vaxtdan bəri dəyişməz qalması dayanır. Bu, dövlətin istehlakçı siyasətinin nə dərəcədə bərbad vəziyyətdə olduğunu göstərir. Problemin təsirləri əmtəə bazarının bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Biznes qurumları isə onlara yaradılan şəraitdən geniş şəkildə sui-istifadə edirlər”.
Birliyin sədri bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində yoxlamalar aparır və müvafiq tədbirlər görür:
“Qida Təhlükəsizliyi Agentliyi gecə-gündüz hər bir biznes obyektinin, restoranın və ya şadlıq sarayının yanında dayanaraq müştərilərə hansı yeməklərin təqdim edildiyini izləyə bilməz. Bu, mümkün deyil. Agentlik yalnız qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində yoxlamalar aparır və müvafiq tədbirlər görür. Bundan sonra isə restoranlar və şadlıq sarayları öz fəaliyyətlərini davam etdirirlər”.
Eyyub Hüseynov belə halların qarşısının alınması üçün istehlakçıları qarşılaşdıqları problemlərə səssiz qalmamağa və aidiyyəti qurumlara məlumat verməyə çağırıb:
“Bu məsələni gündəmə gətirən şəxsə təşəkkür edirəm. İctimai nəzarət mütləq gücləndirilməli və genişləndirilməlidir ki, belə halların qarşısı müəyyən qədər alınsın. Qida Təhlükəsizliyi Agentliyini də müəyyən mənada məsuliyyət daşıyan qurum hesab etmək olar. Çünki bütün məhsullara və yemək çeşidlərinə eyni dərəcədə effektiv nəzarət etmək mümkün olmur. Belə hallar təkcə restoran və şadlıq saraylarında deyil, biznesin müxtəlif sahələrində də müşahidə edilir.
Bu cür halların qarşısını almaq üçün istehlakçıları daha fəal olmağa çağırıram. Vətəndaşlar toy sahiblərinin xətrinə dəyməsin deyə baş verənlərə göz yummamalıdırlar. Əksinə, belə hallarla qarşılaşdıqda dərhal 1003 qaynar xəttinə məlumat verməlidirlər. İctimai nəzarət güclənmədiyi müddətdə bu cür hallar davam edəcək”.