Tramp Fransanı sərhədləri bağlamağa çağırdı: “Miqrantlar ölkəni ələ keçiriblər”

Tramp Fransanı sərhədləri bağlamağa çağırdı: “Miqrantlar ölkəni ələ keçiriblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Fransada həftəsonu baş verən kütləvi iğtişaşlardan sonra ölkəni Avropanın qalan hissəsindən təcrid etməyə çağırıb. Bildirilir ki, hadisələr nəticəsində azı 2 400 nəfər saxlanılıb, ölkənin böyük şəhərlərində isə vəziyyət xaotik xarakter alıb.

Tribuna.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında belə yazıb: “Miqrantlar Fransanı ələ keçiriblər. Onlar SƏRHƏDLƏRİ DƏRHAL BAĞLAMALIDIRLAR!”

İğtişaşların ilkin səbəbləri təhsil sisteminin vəziyyətindən narazılıq və yaşayış xərclərinin artması ilə əlaqələndirilsə də, qəzetin yazdığına görə, aksiyalarda radikal solçular və ikinci nəsil miqrant gənclər də iştirak ediblər. Paris, Marsel, Lion və Lill də daxil olmaqla bir sıra şəhərlərdə lüks mağazalara və digər obyektlərə hücumlar edildiyi bildirilir.

Fransanın baş naziri Sebastyan Lekornu bazar ertəsi şəhər prefektlərinə məhdud ərazilərdə və konkret yerlərdə komendant saatı tətbiq etməyi tapşırdığını bildirib. O, eyni zamanda, polisə qarşı səslənən tənqidləri rədd edərək hüquq-mühafizə orqanlarının fəaliyyətini müdafiə edib.

Lekornu bildirib ki, şənbə günü ciddi zorakılıq və genişmiqyaslı əmlak ziyanı qeydə alınsa da, heç kimin ölməməsi “möcüzədir”. Komendant saatının təfərrüatlarının bazar ertəsi açıqlanacağı bildirilib.

Şimali Afrika mənşəli əhalinin çox yaşadığı Marsel şəhərində isə prefekt bazar ertəsi yerli vaxtla saat 12:00-dan 20:00-dək bütün etirazları və digər kütləvi toplantıları qadağan edib.

Fransanın daxili işlər naziri Loran Nünezin bazar günü istefa vermək istədiyi, lakin Prezident Emmanuel Makronun onu vəzifədə qalmağa çağırdığı bildirilir. Yelisey sarayının açıqlamasında nazirə zorakılığa səbəb olan planlaşdırma və məlumat toplama nöqsanları barədə tam şəffaflığı təmin etmək tapşırılıb.

Nünez France Inter radiosuna açıqlamasında baş verənlərə görə məsuliyyət daşıdığını deyib. O, bəzi böyük şəhərlərdə hakimiyyətin vəziyyətə nəzarəti itirdiyini də etiraf edib.

Qeyd edək ki, Fransa Şengen zonasına daxil olan 29 Avropa ölkəsindən biridir. Bu zona çərçivəsində üzv ölkələr arasında sərbəst hərəkət mümkündür və həmin ölkələrdən gələn şəxslər üçün sərhəddə şəxsiyyət yoxlamaları sistemli şəkildə aparılmır.

İmran Kərimli