Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindirilib.
Tribuna.az Gununsesi.info-ya istinadən xəbər verir ki, R. Mehdiyevin oğlu Teymur Mehdiyev atasının ittiham olunduğu cinayətlərlə bağlı ifadə verib.
O, istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var: “Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyinin, hansı hərəkəti etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”.
Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 278.1-ci – dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü – dövlətə xəyanət və 193-1.3.2-ci – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri ilə ittiham olunub.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.









