Sadəcə uşaqların məktəb problemini həll edə bilsək, hər kəsin, xüsusən Bakı ətrafında məskunlaşan yüz minlərlə sakinin uşaqlarının yaxındakı məktəbə nəqliyyatsız gediş-gəlişini təmin edə bilsək, paytaxtın nəqliyyat yükü əhəmiyyətli dərəcədə azalar.
Bu sözləri Tribuna.Az-a yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov hər gün yollarda müşahidə edilən sıxlıq və səhər saatlarında şəhər istiqamətində olan yolların polis tərəfindən bağlanma səbəbləri barədə danışarkən deyib.
Ekspertin fikrincə, məktəblilərin payız tətilində yollarda, Bakı küçələrində, o cümlədən şəhərin giriş-çıxış yollarında ciddi nəqliyyat sıxlığı və tıxac yox idi:
“Bu, illərdir müşahidə etdiyimiz mənzərədir.
Bu problem plansız məskunlaşmanın və şəhərdə tikinti sıxlığının artmasının nəticəsidir. Həm şəhər daxilində çoxlu yeni binalar tikilərkən, həm də xüsusən şəhər ətrafında (Xırdalanda, Masazırda, Binədə, Binəqədidə, Sabunçuda və hər yerdə) yüz minlərlə yeni evlər tikilərkən məktəb ehtiyacı nəzərə alınmayıb. Şəhər ətrafı ərazilərin xeylisində mövcud olan məktəblərin şəraiti (o cümlədən tədrisin səviyyəsi) isə orada yaşayanları qane etmir. Bu səbəbdən on minlərlə şagird fərdi avtomobillər və taksilərlə hər gün şəhər daxilindəki məktəblərə gətirilir və geri qaytarılır”.

Ə.Hüseynovun fikrincə, Bakı ətrafı ərazilərdə (həm də şəhər daxilindəki bəzi ərazilərdə) məktəbə əlçatanlığın təmin olunması, həmin ərazilərdəki mövcud məktəblərdə şəraitin (o cümlədən tədrisin səviyyəsini) yaxşılaşdırılması istiqamətində ciddi işlər görülməlidir:
“Eyni zamanda şəhərdəki bəzi məktəblərin digərlərinə nisbətdə daha prestijli olması həm faktiki olaraq, həm də oturuşmuş düşüncə olaraq aradan qaldırılmlıdır.
Bəzi xüsusi məktəblər (məsələn, təmayüllü məktəblər, özəl liseylər və s.) var ki, onlara uzaq məsafələrdən nəqliyyatla gəlmə zərurəti qalacaq. Onlar üçün ictimai nəqliyyatdan istifadə təşviq edilməli, ictimai nəqliyyatla problem olan hallarda isə mərkəzləşdirilmiş qaydada, təhlükəsizlik tələbləri təmin olunmaqla “Məktəb avtobusları” təşkil edilməlidir.
Tıxaclarla mübarizənin sırf nəqliyyatla bağlı istiqamətləri həlledici olsa da, paralel olaraq bu tipli məskunlaşma problemləri də həll edilməlidir “.
Nigar
Tribuna.Az









