Baltik dənizində yerləşən Volin adasının altında İkinci Dünya müharibəsi dövrünə aid nəhəng hərbi sığınacaq kompleksi aşkarlanıb. Uzun illər dövlət sirri kimi qorunan yeraltı obyekt bərpa edilərək muzey kimi ziyarətçilərin üzünə açılıb.
Tribuna.az xəbər verir ki, Polşanın Volin adasında nasist Almaniyası tərəfindən inşa edilən yeraltı sığınacaq kompleksi illər sonra ictimaiyyətə təqdim olunub. İkinci Dünya müharibəsindən sonra uzun müddət gizli saxlanılan nəhəng hərbi obyekt sonradan bərpa edilərək turizm məkanına çevrilib.
“Vineta Batareyası” adlandırılan kompleks 1935-1939-cu illər arasında inşa edilib. Sahil xəttini qorumaq məqsədilə yaradılan obyekt yeddi sığınacaqdan ibarət olub.
Müharibənin sonunda Alman ordusu kompleksi məhv etməyə çalışsa da, tikilinin böyük hissəsi salamat qalıb.
Soyuq müharibə dövründə isə ərazi Polşa Xalq Respublikasının yüksək səviyyəli rəhbərliyi tərəfindən dövlət sirri kimi qorunub.
Qum təpələrinin altında yerləşən tunellərin ümumi uzunluğunun təxminən bir kilometr olduğu bildirilir.
Kompleks ilk dəfə 2014-cü ildə ziyarətçilərin üzünə açılıb.
İlboyu temperaturun 10 dərəcədən aşağı olduğu yeraltı kompleksdə müxtəlif hərbi və məişət bölmələri aşkarlanıb.
Burada şifrələrin açılması üçün stansiyalar, yeraltı mətbəx, tibbi müdaxilə otağı və “Müharibə otağı” adlandırılan komanda mərkəzi yerləşir.
Hazırda obyekt bələdçili və interaktiv turlar vasitəsilə ziyarət edilə bilir.
Volin adası isə yalnız yeraltı hərbi kompleksi ilə deyil, milli parkı və çimərlikləri ilə də bölgənin diqqətçəkən turizm məkanlarından biri hesab olunur.









