Əfqanıstanda Taliban rejimi qadınların və qızların formal təhsil almasını tamamilə qadağan edib. Bununla bağlı Əfqanıstanın təhsil naziri açıqlama verib.
Hazırda Əfqanıstan dünyada qızların və qadınların orta və ali təhsil almasının rəsmən qadağan olunduğu yeganə ölkədir.
Tribuna.az xəbər verir ki, Əfqanıstanda qadınlara yönələn qadağalar bununla bitmir. Bu ölkədə qadınlar ən adi ehtiyaclardan məhrum olublar.
Geyim və davranış qaydaları
Əfqanıstanda qadınların ictimai yerlərdə geyiminə və davranışına ciddi məhdudiyyətlər tətbiq olunur. Üzün örtülməsi ilə bağlı tələblər mövcuddur, qaydaların icrasına nəzarət edilir və pozuntu iddiaları qadınların saxlanılmasına, döyülməsinə, həbsinə səbəb ola bilər.
Sərbəst hərəkət etmək hüququ
Əfqanıstanda qadınların əksər səfərlərdə kişi qəyyumun — məhrəmin müşayiətinə ehtiyacı var. Məhdudiyyətlər onların işə, səhiyyə müəssisələrinə və ictimai məkanlara sərbəst çıxışını çətinləşdirir. Küçədə qadınların tək gəzməsi qadağandır. Onlarınnyanında ya oğlu, əri olmalı, ya da icazəli halda harasa gedə bilər.
İşləmək hüququ
Əfqanıstanda qadınlar bir çox dövlət və özəl iş sahələrindən, eləcə də beynəlxalq və humanitar təşkilatların fəaliyyətindən kənarlaşdırılıb. Bəzi sahələrdə istisnalar olsa da, qadınların fəaliyyətinə ciddi məhdudiyyətlər var.
Gözəllik salonlarının bağlanması
2023-cü ildə qadınlara xidmət göstərən gözəllik salonlarının bağlanması tələb edilib. Bu qərar qadınların sosial məkanlarını məhdudlaşdırmaqla yanaşı, həmin sahədə çalışan çoxsaylı qadınların işini itirməsinə səbəb olub. Əfqanıstanda hazırda demək olar ki, qadınlara aid heç bir gözəllik salonu, ictimai məkan fəaliyyət göstərmir.
İctimai həyatda iştirak və humanitar iş
Əfqanıstanda qadınların bir sıra ictimai fəaliyyətlərdə iştirakı məhdudlaşdırılıb. Qadın əməkdaşlara qoyulan məhdudiyyətlər humanitar yardımların qadınlara çatdırılmasını da çətinləşdirir.
Hüquqi müdafiə və ailə hüquqları
Human Rights Watch-un 2026-cı il hesabatına görə, qadınların məişət zorakılığından müdafiəsi və hüquqi yardım imkanları zəifləyib. Təşkilat yeni hüquqi qaydaların qızların erkən nikaha məcbur edilməsi riskini də artırdığını bildirir.
Gülşən Rəsul









