“YELO BANK” 13 AİLƏNİ KÜÇƏYƏ ATIR: FAKTLAR, MƏHKƏMƏ İŞLƏRİ… – ARAŞDIRMA

“YELO BANK” 13 AİLƏNİ KÜÇƏYƏ ATIR: FAKTLAR, MƏHKƏMƏ İŞLƏRİ… – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo bank” bu ilin yanvarında 13 ailənin yaşadığı mənzildən çıxarılması tələbi ilə məhkəmələrdə iddia qaldırıb. Tribuna.az-ın araşdırması zamanı bəlli olub ki, ümumiyyətlə, bankın təkcə yanvar ayı üzrə 200-dən çox məhkəmə çəkişməsi var. Onların içərisində də 13 ailənin öz yuvasından küçəyə atılması tələbi irəli sürülüb. Bu faktın özü Azərbaycanda bankların vətəndaşların qəsdinə durduğunu gözlər önünə sərir.
Üstəlik, təqdim etdiyimiz statistika təkcə yanvar ayı üçün nəzərdə tutulub. Yəni qarşıdakı aylarda da “Yelo bank”la müştərilərinin müxtəlif mübahisəli məhkəmə işləri mövcuddur.
Məlum olur ki, həmin ailələrdən biri Məmmədovlardır. Bank onları qışın sazağında küçələrdə qoymaq niyyətindədir. İşə yanvarın 31-də Suraxanı rayon Məhkəməsinin hakimi Anar Qasımovun sədrliyi ilə baxılacaq.
Ancaq Məmmədovlar tək deyil, növbəti mənzildən çıxarılması Novruzovlar ailəsini gözləyir. Eyni tarixdə, yəni yanvarın 31-də Sumqayıt şəhər Məhkəməsinin hakimi Elmir Hüseynovun sədrliyi ilə “Yelo bank”ın bu ailəyə qarşı iddia ərizəsinə baxılması nəzərdə tutulub.
Həmçinin, “Yello bank”ın daha bir “qurbanı” Rəsulovlar ailəsidir. Onların məsələsi daha irəli çəkilib – yanvarın 27-də Sumqayıt şəhər Məhkəməsinin hakimi Günel Tanrıverdiyevin sədriliyi ilə baş tutacaq mənzildən çıxarma prosesində hansı qərar qəbul olunacağı maraqlıdır. Bundan başqa, Məmmədov Niyaməddin Kəmaləddin oğlunun şəxsi evindən çıxarılması üçün prosesə yanvarın 24-də Xəzər rayon Məhkəməsinin hakimi Rübabə Qafarovanın sədrliyi ilə baxılacaq.
Sabunçu rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın sədrliyi ilə keçiriləcək bir başqa prosesdə isə “Yelo bank”la üç vətəndaşın çəkişməsindən söhbət gedir. Bank cavabdehlər – Xəlilova Günel, Nağdalıyeva Səyyarə və Hacıquliyeva Səyyarəyə məxsus mülkləri əllərindən almaq tələbi qoyub. Bu məhkəmə prosesi yanvarın 23-nə təyin olunub.
Habelə, Ağayevlər ailəsi də bankın hədəfinə tuş gəlib. Sumqayıt şəhər Məhkəməsinin hakimi Elmir Hüseynovun sədrliyi ilə yanvarın 23-də bu işə baxılacaq. Adı çəkilən hakim yanvarın 12-də isə Kazımovlar ailəsinə qarşı iddia ərizəsinə baxacaq.
Amma “Yelo bank” təkcə Bakı və Sumqayıtla kifayətlənməyib, bölgələrdə də vətəndaşlara məhkəmə işi açmaqdadır. Bu dəfə Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə keçirilən prosesdə Şirinov Mehman Yusif oğluna məxsus əmlakın müsadirəsi iddiasına baxılacaq. Maraqlıdır ki, bu proses dəfələrlə təxirə düşüb.
Göründüyü kimi, “Yelo bank” ilin ilk ayını vətəndaşlara qarşı “mənzil terroru” üçün açıq elan edib. Bu qışın, şaxtanın insanın ilinə işlədiyi bir vaxtda bank müştərilərini evsiz-eşiksiz qoymağı hədəfləyib.
Və bu məhkəmə işlərinin fonunda “Yelo bank”ın rəsmi saytında bank rəhbərliyinin təmtəraqlı şəkilləri, ibarəli, bəlağətli, gözəl cümlələrlə bəzədilmiş tərcümeyi halları adamın lap gözünü qamaşdırır. Yəqin ki, onların aylıq qazancları hər bir azərbaycanlının xəyallarında arzuladıqları məvacibdir.
Maraqlıdır, onlar məvacibin azlığına görə bu qədər problemlər yaradırlar? İstənilən halda, qarşı tərəfin bu məhkəmə işləri ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.

Tribuna.az