Vasif Talıbov uzunmüddətli məzuniyyətə göndərildi

Vasif Talıbov uzunmüddətli məzuniyyətə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasını tərk edən Vasif Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib.

Tribuna.az xəbər verir ki, bu barədə “AzPolitika.info” öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbərə görə, Talıbovun hazırda harda olduğu, Naxçıvana nə vaxt qayıdacağı haqda yerli hakimiyyət nümayəndələrində heç bir məlumat yoxdur: “Bilinən odur ki, sədr uzunmüddətli məzuniyyətdədir”.
“V.Talıbov Ali Məclis sədri vəzifəsini tutduğu 27 ildə bir dəfə də olsun rəsmi məzuniyyətə çıxmayıb. O, hətta bazar günlərini belə çox vaxt iş kabinetində keçirib. İndi birdən-birə “uzunmüddətli məzuniyyətə” göndərildiyi barədə məlumatlar Naxçıvanda DTX əməliyyatları ilə başlayan prosesin dərinliyindən xəbər verir. Dekabrın 12-də axşam saatlarında Bakıya uçan və hazırda burda nə işlə məşğul olduğu bilinməyən Vasif Talıbovun yaxın günlərdə elə Bakıda istefa qərarını açıqlayacağı da istisna olunmur”, -deyə sayt yazır.
Qeyd edək ki, bəzi təhlilçilər bunu Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq kimi qiymətləndirirlər. Onların fikrincə, yaxın vaxtlarda Prezidentin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla Vasif Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq.