Artıq çəki beynin qocalmasını sürətləndirir – alimlərdən gözlənilməz kəşf

Artıq çəki beynin qocalmasını sürətləndirir – alimlərdən gözlənilməz kəşf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq çəki yalnız ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırmır. Yeni araşdırma göstərib ki, orta yaşlarda artıq bədən çəkisi yaddaşın zəifləməsinə və beynin daha sürətlə qocalmasına da səbəb ola bilər.

Tribuna.az xəbər verir ki, ABŞ-ın Corciya Universitetinin alimləri 8 200-dən çox insanın sağlamlıq göstəricilərini 24 il ərzində izləyiblər. Tədqiqat nəticəsində bədən kütləsi indeksinin (BKİ) artması ilə yaddaş, diqqət və qərarvermə qabiliyyətinin daha sürətlə zəifləməsi arasında əlaqə aşkarlanıb.

Alimlərin müəyyən etdiyinə görə, BKİ göstəricisinin hər bir vahid artımı planlaşdırma, diqqəti cəmləmə və emosiyaları idarə etmə kimi icraedici beyin funksiyalarının daha sürətli zəifləməsi ilə əlaqəlidir.

Araşdırmada xüsusilə diqqət çəkən məqamlardan biri mənfi təsirlərin zamanla daha aydın üzə çıxmasıdır. Çəki artımı ilə koqnitiv qabiliyyətlərin zəifləməsi arasındakı ən güclü əlaqə tədqiqatın başlanmasından təxminən səkkiz il sonra müşahidə edilib. Mənfi təsirlər 65 yaşdan yuxarı iştirakçılarda daha nəzərəçarpan olub.

Bununla belə, tədqiqatçılar çəkinin azaldılmasının beyin sağlamlığına müsbət təsir göstərə biləcəyini bildirirlər. Məlumatlara görə, bədən çəkisinin azaldılması artıq iki il ərzində yaddaş və digər koqnitiv funksiyaların zəifləməsini ləngidə bilər.

Mütəxəssislər vurğulayırlar ki, sağlam çəkinin qorunması yalnız xarici görünüş və ürək sağlamlığı baxımından deyil, həm də yaddaşın və zehni qabiliyyətlərin uzun müddət saxlanılması üçün əhəmiyyətlidir.

Qeyd edək ki, araşdırma artıq çəki ilə beyin funksiyalarının zəifləməsi arasında əlaqəni göstərir. Bu, hər bir halda birbaşa səbəb-nəticə əlaqəsinin sübut edildiyi anlamına gəlmir.

İmran Kərimli