Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə görüş zamanı ona ailə tarixçəsi ilə bağlı maraqlı jest edib. O, amerikalı nümayəndəyə babasının İkinci Dünya müharibəsi illərində nasistlərə qarşı mübarizədə iştirakını təsdiqləyən arxiv sənədlərini təqdim edib.
Tribuna.az xəbər verir ki, bu barədə Cared Kuşner “New York Magazine” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüş zamanı Kreml arxivlərində saxlanılan sənədləri gözlənilmədən nümayiş etdirib. Sənədlər Kuşnerin babası Cozef Berkovitsin İkinci Dünya müharibəsi dövründə yəhudi partizan hərəkatında iştirakına aid olub.
Cozef Berkovits Holokostdan sağ çıxıb. O, nasistlərin əmək düşərgəsindən qaçaraq indiki Belarus ərazisində meşələrdə gizlənib. Daha sonra yəhudi partizanlarının Belski dəstəsinə qoşulub. Bu dəstə alman qoşunlarına qarşı mübarizə aparmaqla yanaşı, yəhudilərin nasist təqiblərindən xilas edilməsində də iştirak edib.
Kuşnerin nənəsi Raya da Holokostdan sağ çıxanlar arasında olub. O, 1943-cü ildə Belarusun Novoqrudok şəhərindəki gettodan hasarın altından qazılmış yeraltı tunel vasitəsilə qaçmağa nail olub.
Müharibədən sonra Raya və Cozef Berkovits ailə qurublar. 1949-cu ildə isə ABŞ-a köçüblər.
Kuşner Putinin bu addımını ABŞ və Rusiya arasında ortaq tarixi keçmişə incə işarə kimi qiymətləndirib. Onun fikrincə, Rusiya lideri bununla İkinci Dünya müharibəsində hər iki ölkənin nasist Almaniyasına qarşı müttəfiq olduğunu xatırlatmaq istəyib.
İmran Kərimli









