“İS.M.M” MMC daha bir iri məbləğli tenderin qalibi oldu

“İS.M.M” MMC daha bir iri məbləğli tenderin qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli Rayon İcra Hakimiyyəti şəhid ailələrinin yaşadığı və şəhidlərin adını daşıyan küçələrdə yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.

Tribuna.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müsabiqənin qalibi “İS.M.M” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 550 041,91 manat təşkil edir.

Maraqlıdır ki, bu, “İS.M.M” MMC-nin cari ildə qazandığı növbəti iri məbləğli tenderdir. Şirkət bundan əvvəl Bərdə və Şabran rayonlarında da yol təmiri işləri ilə bağlı satınalma müsabiqələrinin qalibi olub.

Bərdə Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərdən biri üzrə şirkət 123 558,04 manatlıq, digəri üzrə isə 482 432,22 manatlıq sifariş alıb. Şabran Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderdə isə 445 433,48 manatlıq müqavilə əldə edib.

Beləliklə, “İS.M.M” MMC-nin 2026-cı ildə İmişli, Bərdə və Şabran rayonlarında qazandığı dörd tenderin ümumi maliyyə dəyəri 1 milyon 601 min 465,65 manata çatıb.

Şirkət ötən il də dövlət satınalmalarında fəallığı ilə seçilib. “İS.M.M” MMC 2025-ci ildə Şabran, Gədəbəy, Lənkəran, Siyəzən, Sumqayıt və Qaradağ rayonlarında müxtəlif yol təmiri və abadlıq işləri üzrə tenderlər qazanıb. Həmin satınalmaların ümumi dəyəri də milyonlarla manat təşkil edib.

Maraqlı məqam isə şirkətin eyni vaxtda müxtəlif bölgələrdə çoxsaylı iri məbləğli layihələrin icrasını üzərinə götürməsidir. “İS.M.M” MMC-nin bu qədər sifarişi paralel şəkildə yerinə yetirmək üçün hansı maddi-texniki bazaya, texnikaya və işçi qüvvəsinə malik olduğu barədə açıq mənbələrdə ətraflı məlumat yoxdur.

Şirkətin əvvəlki tenderlər üzrə üzərinə götürdüyü öhdəlikləri hansı müddətdə və hansı resurslarla icra etdiyi də ictimaiyyətə açıqlanmayıb. Bu isə müəssisənin eyni vaxtda bir neçə rayonda yol təmiri işlərini həyata keçirmək üçün kifayət qədər imkanlara malik olub-olmaması ilə bağlı suallar yaradır.

Açıq reyestr məlumatlarına əsasən, “İS.M.M” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 milyon 897 min 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-dir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Nadir Xudiyev eyni zamanda “RASH.M.M Trade and Services-2020” MMC-nin də qanuni təmsilçisidir. Həmin şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 406 939 manatdır.