Ukraynada yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiyməti yaxın günlərdə 5-6 qrivna ucuzlaşa bilər.
Tribuna.az xəbər verir ki, Bu barədə UNİAN-a açıqlamasında “Prime” şirkətlər qrupunun qurucusu, yanacaq üzrə ekspert Dmytro Leushkin bildirib.
Ekspertin sözlərinə görə, ABŞ və İran arasında mümkün razılaşmalar fonunda neft və qazoylun ucuzlaşması yanacaq qiymətlərinə də təsir göstərəcək.
“Benzin və dizelin qiymətində 5-6 qrivnalıq eniş gözləyirik. Qiymətlər həftə ərzində 1-2 qrivna aşağı düşəcək. Böyük ehtimalla bu həftədən başlayaraq”, – deyə o bildirib.
Leuşkin qeyd edib ki, dizel yanacağının topdansatış qiyməti artıq ucuzlaşıb, lakin bəzi yanacaq şəbəkələri vəziyyətdən istifadə edərək gəlirlərini artırmağa çalışırlar.
“Mayın 22-də dizelin topdansatış qiyməti artıq 72 qrivna idi. Məsələn, OKKO üçün litrinin 85-86 qrivna olması kifayət edərdi, amma onlar qiyməti 89 qrivna səviyyəsində saxlayırlar. Bu isə həddindən artıq yüksəkdir”, – ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu həftə ərzində dizel yanacağının qiyməti birdən-birə 2 qrivna ucuzlaşa bilər.
Ekspert həmçinin bildirib ki, son dövrlər benzinin qiymətində artım müşahidə olunurdu. Bunun səbəbi Avropa neft emalı zavodlarının bir hissəsinin istehsalı aviasiya yanacağına yönəltməsi olub. Hörmüz boğazının bağlanması təhlükəsi fonunda aviasiya yanacağına tələbat artdığı üçün benzin istehsalının həcmi azalıb.
Bununla belə, neftin ucuzlaşması nəticəsində benzinin də qiymətinin aşağı düşəcəyi gözlənilir.
Leuşkin əlavə edib ki, bazarda Yaxın Şərqdə müharibənin başa çatacağı ilə bağlı ümidlər artıb və bu da neft qiymətlərinin enməsinə səbəb olur.
“Belə görünür ki, tərəflər həqiqətən razılığa gəlmək istəyirlər. ABŞ prezidenti Donald Trump artıq müharibə istəmir. Bazar da buna ümidlənərək əvvəlcədən ucuzlaşmağa başlayıb”, – deyə ekspert bildirib.
İmran Kərimli









