“Toyota” BYD-yə uduzdu

“Toyota” BYD-yə uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” 2026-cı ilin iyul-sentyabr aylarında avtomobil satışlarının azalması ilə üzləşib.

Tribuna.az xəbər verir ki, bu barədə Marja.az məlumat yayıb.

Belə ki, şirkətin ümumi satışları ötən ilin eyni dövrü ilə müqayisədə 147 min ədəd və ya 5,2% azalaraq 2 milyon 667 min avtomobil təşkil edib. Ən ciddi geriləmə Çin bazarında qeydə alınıb.

“Toyota”nın Çində avtomobil satışları illik müqayisədə 12% azalıb. Buna yerli elektrik avtomobili istehsalçıları, xüsusilə BYD ilə rəqabətin güclənməsi təsir göstərib. Yaponiya və Şimali Amerika bazarlarında satışlar sabit qaldığı halda, Avropada artım qeydə alınıb.

Satışların azalmasına baxmayaraq, şirkətin əməliyyat mənfəəti artıb. Belə ki, 2027-ci ilin martında başa çatacaq maliyyə ilinin ikinci rübündə əməliyyat mənfəəti ötən ilin eyni dövründəki 839,5 milyard yendən 1 trilyon 127 milyard yenə (təxminən 7,1 milyard dollar) yüksəlib. Bu, illik müqayisədə 34,2% artım deməkdir. Göstərici analitiklərin 992 milyard yenlik proqnozunu da üstələyib.

Hesabat dövründə “Toyota”nın satış gəlirləri 8,6% artaraq 13 trilyon 437 milyard yenə çatıb. Bununla belə, xalis mənfəət 18,5% azalaraq 759,4 milyard yenə düşüb.

Şirkət əməliyyat mənfəəti üzrə illik proqnozunu yüksəltsə də, gəlir və avtomobil satışları ilə bağlı gözləntilərini aşağı salıb. Belə ki, illik gəlir proqnozu 54 trilyon yendən 53,5 trilyon yenə, avtomobil satışları üzrə proqnoz isə 11 milyon 180 min ədəddən 10 milyon 990 min ədədə endirilib.

Gülşən Rəsul