İdman jurnalisti Anar Xanlarov Bakıda tıxac və yol məhdudiyyətləri səbəbindən qatılmalı olduğu televiziya verilişinin efirinə çıxa bilmədiyini bildirib.
Tribuna.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Bakının nəqliyyat və yol infrastrukturu bunu da yaşatdı. Məlumat üçün deyim ki, İdman TV-nin öz studiyasında təmir getdiyi üçün verilişlər müvəqqəti olaraq bulvar ərazisində, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası”nın binasında çəkilir. Sumqayıtdan da ora maksimum 2 saata çox rahat çatmaq olar. Mən yarım saat da tez çıxdım, çünki Nurlan Hacıyev demişdi ki, tıxac olur, nəzərə al. Sən demə, qarşıda başqa sürpriz var imiş.
Plan belə idi ki, “20 Yanvar”dan metro ilə “Nizami”yə, oradan avtobusla “28 May”a, oradan da “5 nömrə” ilə “Bayraq meydanı”na. Di gəl ki, “Qış parkı”nda tıxaca düşdük. Özü də nəyi var. Bəlkə də Milli Bankın qabağına qədər uzanırdı. Gördüm, mümkün deyil, avtobusdan düşüb kəsə yolla “Tarqovı”ya, oradan da “Kukla teatrı”na çıxdım. Ki, “5 nömrə” ilə, uzaq başı, taksi ilə saat 21:00-a kimi çəkiliş yerinə çatım.
Amma “Kukla teatrı”na çatanda məlum oldu ki, üzü Bayıl istiqamətinə nəinki avtobus, heç taksi də işləmir, yollar bağlıdır. Saat da 20:40. Mənim ayaqla 20 dəqiqəyə Avarçəkmə Federasiyasına çatmağım mümkün deyildi. Fikirləşdim, ən yaxşı halda verilişin yarısına çatıb, ilk reklam fasiləsində efirə qoşularam.
Yarı qaçaraq, yarı yeriyərək, 21:25-də özümü çəkiliş yerinə çatdırmışam, tər-suyun içində. Amma təəssüf ki, məhz tər-su içində olduğum üçün çəkiliş heyəti efirə qoşulmağı məqbul saymayıb. Əynimdəki köynək tamamilə su içində olduğu üçün efirdən çox pis görünəcəkdi.
Axırda belə qərar verildi ki, mən, ümumiyyətlə, çəkilişə qoşulmayım və ikinci hissə də mənsiz getsin. Beləliklə, Sumqayıtdan vur get bulvara, verilişin ikinci hissəsinə kənardan bax, qayıt geri.
Buna görə, dünən efirdə ola bilməmişəm. Statusa görə də hər kəsdən üzr istəyirəm. Kimsə sırf mənim fikirlərimi dinləmək, izləmək üçün ekran qarşısına keçibsə, haqqını halal eləsin!”









