Tacikistan hakimiyyəti milli ənənələrə uyğun hesab edilməyən geyim və xarici görünüş elementlərinin istifadəsini məhdudlaşdırmaq siyasətini davam etdirir.
Tribuna.az-ın Nuz.uz-a istinadən verdiyi məlumata görə, əsas diqqət “Tacik mədəniyyətinə yad” hesab edilən geyimlərin geyinilməsi və ölkəyə gətirilməsinin məhdudlaşdırılmasına yönəlib. Söhbət ilk növbədə qara hicablardan və bəzi ərəb geyimlərindən gedir. Yerli hakimiyyət nümayəndələri şəhər və kəndlərdə maarifləndirmə işləri apararaq qadınları ənənəvi tacik milli geyimlərinə üstünlük verməyə çağırırlar.
Bundan başqa, KİV və şahidlərin məlumatına görə, hüquq-mühafizə orqanları dini ekstremizmlə əlaqələndirilən saqqal saxlayan kişilərə nəzarəti gücləndirib. Yoxlamaların aparıldığı, inzibati tədbirlərin görüldüyü və kişilərdən saqqallarını qırxdıqlarını mütəmadi təsdiqləmələrinin tələb edildiyi bildirilir.
Rəsmi qurumlar bu tədbirləri dini radikalizm və ekstremizmlə mübarizə zərurəti ilə izah edir.
Qeyd olunur ki, Tacikistanda geyim və xarici görünüşün bəzi elementlərinin məhdudlaşdırılması siyasəti son bir neçə ildir milli mədəniyyətin qorunması və ictimai təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilir.
İmran Kərimli









