Sosial Xidmətlər Agentliyi (SXA) növbəti tenderinin nəticəsini açıqlayıb. Tribuna.az xəbər verir ki, qurum Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzilin satın alınmasını həyata keçirəcək.
Məlumatda qeyd edilir ki, tenderin qalibi fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoy olub. Onunla 3 milyon 428 min 932 manatlıq müqavilə imzalanıb.
Tribuna.az məsələ ilə bağlı açıq mənbələr üzərindən bəzi areaşdırmalar aparıb. Məlum olub ki, SXA ilə Natiq Əlisoy arasında bu, ilk tender anlaşması deyil. Belə ki, 07.08.2026-cı il tarixdə də analoji razılaşma əldə olunub. Həmin vaxt Agentlik Əlisoya Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin alınmasını sifariş edib. Bu zaman tərəflər 1 milyon 444 min 840 manata anlaşıblar.
Amma buna qədər də tərəflərin yolları kəsişib. Tribuna.az xəbər verir ki, Natiq Əlisoy 07.03.2025-ci il tarixdə də SXA-nın tenderinin qalibi olub. Həmin tenderə asasən sözügedən şəxs Agentlik üçün Salyan rayonunda 32 ədəd üçotaqlı mənzil satın alıb. Həmin anlaşmanın dəyəri isə 2 milyon 197 min 760 manat təşkil edib.
Həmçinin 2023-cü ilə qədər də tərəflər heç də az olmayan məbləğli tenderlərdə anlaşma əldə ediblər. Məsələn, 23 avqust 2023-cü ildə bağlanmış 8 milyon 149 min 930 manatlıq müqavilə Bakı, Gəncə, Mingəçevir və Şəki şəhərlərində, eləcə də bir sıra rayonlarda mənzillərin alınmasını əhatə edib.
Bundan başqa, 30 dekabr 2023-cü ildə eyni məqsədlə 1 milyon 554 min 240 manatlıq müqavilə də bağlanıb. Əlisoyun əvvəlki tenderləri arasında 2022-ci ildə imzalanmış 3 milyon 291 min 150 manatlıq mənzil satınalması da yer alır.
Bəs, Natiq Əlisoy kimdir?
Natiq Əlisoyun dövlət satınalmalarındakı fəaliyyəti təkcə fiziki şəxs kimi qazandığı sifarişlərlə məhdudlaşmır. O, 2016-cı ildə yaradılmış “Gulay-Food” MMC-nin qanuni təmsilçisi kimi də tanınır. Ötən il dərc olunan araşdırmada şirkətin nizamnamə kapitalının cəmi 1 manat olduğu bildirilirdi.
Buna baxmayaraq, şirkət milyonlarla manatlıq dövlət sifarişləri qazanıb. “Gulay-Food” MMC 2024-cü ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının naharla təmin edilməsi üzrə 6 milyon 120 min 881 manatlıq tenderin qalibi olub. Satınalma çərçivəsində 583 min yemək porsiyasının nəzərdə tutulduğu qeyd edilib.
Şirkət 2023-cü ilin noyabrında eyni istiqamətdə 12 min 250 porsiya naharın təmin edilməsi üçün 43 min 365 manatlıq sifariş də qazanıb. Beləliklə, şirkətin göstərilən tenderlərinin ümumi dəyəri 6 milyon 164 min 881 manat təşkil edib.
Fərda Uğur









