“Məlum olduğu kimi, prezident sosial ödənişlərlərlə bağlı yeni sənəd imzalayıb, bu il yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edir. İki milyon vətəndaş əlavə olaraq il ərzində 750 milyon manat, yəni hər vətəndaşa il ərzində 394 manat, ay ərzində 32 manat, günə isə 1 manatan bir az çox əlavə vəsait çatacaq. Fikrimcə, bu artım yetərli deyil. İndiki vəziyyətdə maaş və təqaüdlər, sosial müavinətlər 2 dəfə də artsa, vəziyyət düzəlməyəcək”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, hökumət sosial məsuliyyətini vətəndaşların layiqli həyat yaşaması üzərinə deyil, yalnız insanların acından ölməməsi üzərinə qurub. İndiki inhisarçılığa söykənən məmur-dövlət kapitalizmi modelində mal və xidmətlərin istehsalı və ölkəyə gətirilməsi potensial olaraq məhdud olduğu üçün təqaüd-maaş-müavinat artımının yaratdığı əlavə pul kütləsi avtomatik olaraq qiymətləri yüksəldən amilə çevrilir:
“Dövlətin siyasəti dəyişməlidir ki, maaş-taqaüd artımı insanların real gəlirlərinin artımına səbəb olsun. Bunun üçün dövlət üzərinə götürdüyü məsuliyyəti hiss edərək bir tək nominal gəlir artımı ilə deyil, vətəndaşların real gəlirlərinin artması ilə də məşğul olmalıdır. Yəni, paralel olaraq qiymətlərin ucuzlaşması, yaxud heç olmasa, bahalaşmaması baş verməlidir ki, insanlar öz gəlirlərinin artdığını hiss etsinlər, bunun yolu isə bəllidir: rəqabətli və ədalətli mühit, vergi dərəcələrinin və gömrük rüsumlarının kəskin azaldılması. Bu islahatlar, dəyişikliklər olmasa, günlük vətəndaşa 1 manat əlavə pul verməklə onun yarası sağalmayacaq”.









