Şirvanda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
TİA.AZ xəbər verir ki, Prezident Administrasiyasının tövsiyəsinə və Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, Mərkəzi İcra Hakimiyyəti orqanlarının regional təşkilatlarının,hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar öncə Şirvan “Şəhidlər xiyabanı”nı ziyarət edib, şəhidlərin əziz xatirələrinə dərin ehtiramlarını bildirib, ruhlarına dualar ediblər, məktəblilərin Xocalı soyqırımının 30-cu il dönümünə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra tədbir iştirakçıları “Şəhid Anası” memorial abidə kompleksi və “Xocalı soyqırımı” xatirə lövhəsi önünə gül-çiçək dəstələri qoyublar.
Daha sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Xocalı soyqırımının 30-cu ildönümünün Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, faciələr və soyqırımların real faktlar əsasında gənc nəslə, geniş ictimaiyyətə çatdırıldığını bildirib.
İcra başçısı Prezident İlham Əliyevin sərəncamı ilə Şirvan şəhərindən Vətən Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlarına görə təltif edilmiş şəhidlərin medallarını valideynlərinə təqdim edib.
Sonda İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onların qayğı və problemlərini dinləyib, həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verib.
















