Şirvan şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Şirvan şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində Vətən müharibəsi şəhidləri Bəxtiyar İslamovun və Emil Hümbətovun anım günü, Röyal Məmmədovun və Əli Mənəflinin doğum günü münasibətilə ilə mərasimlər keçirilib.TİA.AZ xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər. Əvvəlcə Şirvan şəhər Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun, Röyal Məmmədovun və Əli Mənəflinin məzarları qarşısında çıxış edərək, torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən igidlərimizin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulacağını vurğulayıb. Həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun 44 gün ərzində dünyanı heyrətə salan döyüş əməliyyatlarından və nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən danışılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif çıxış edərək, Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, şəhidlərin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildiriblər.

Sonra “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Röyal Məmmədovun və Əli Mənəflinin doğum günü münasibətilə tədbir keçirilib.

Vətənimizin müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Röyal Məmmədovun, Əli Mənəflinin həyat yolundan, döyüşlərdəki xidmətlərindən danışılıb. Şəhidlərin doğmaları və dostları xatirələrini bölüşüblər.

Tədbirin sonunda şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.