Terapevt : İnfarktın qarşısını almaq üçün təzyiqi nəzarətdə saxlamaq vacibdir
Dünyada milyonlarla insan adi həyat yaşayır və heç vaxt infarkt keçirdiyini belə bilmir. Belə tutma “səssiz infarkt” adlanır və kəskin ağrı olmadan baş verir. Buna görə də insanlar bunu çox vaxt sadə halsızlıq kimi qəbul edirlər.
Belə hallarda insanlar təcili tibbi yardıma müraciət etmir və sonradan heç bir müayinə də keçmirlər. Lakin bu cür infarktdan sonra da ürək əzələsində çapıq qalır — adi infarktdan sonra olduğu kimi. Bu isə gələcəkdə infarktın yenidən baş vermə riskini xeyli artırır.
Ürək fəlakətlərinin bəzən niyə demək olar ki, hiss olunmadan keçdiyini və hansı əlamətlərin təhlükə siqnalı olduğunu araşdırılıb.
Hər on nəfərdən biri infarkt keçirmiş ola bilər
Səssiz infarkt ilk baxışdan ciddi problem kimi görünməyə bilər, çünki insan tibbi yardım almadan sağ qalır. Lakin əslində bu hal ölümcül nəticələrə səbəb ola bilər.
Məsələn, Norveçdə yaşayan 35 yaşlı bir kişi bir gün küçədə gəzərkən qəfil huşunu itirib. Təcili yardım briqadası onun ürəyini yenidən işə sala bilsə də, xəstəxanada ürəyi yenidən dayanıb və onu xilas etmək mümkün olmayıb.
Tribuna.az xəbər verir ki, bu hadisəni Journal of Medical Case Reports jurnalında təsvir edən həkimlər qeyd ediblər ki, kişi alkoqoldan sui-istifadə etmirdi, güclü siqaret çəkən deyildi və ailəsində ürək xəstəlikləri yox idi. Analizlər də ciddi problem göstərməyib, yalnız toxumalarda oksigen çatışmazlığını göstərən laktat səviyyəsi yüksək olub.
Hadisədən əvvəl kişi sağlamlığından şikayət etmirdi. Yeganə narahatedici epizod faciədən təxminən bir ay əvvəl baş vermişdi.
O zaman o, sinə nahiyəsində yüngül narahatlıq hiss edib. Bu hiss bir neçə saat sonra keçib və bir daha təkrarlanmayıb. Sonradan aparılan müayinə göstərib ki, bu əslində hiss edilmədən keçirilmiş infarkt imiş.
“Səssiz” infarkt düşündüyümüzdən daha çox yayılıb
Simptomsuz infarktlar düşündüyümüzdən daha geniş yayılıb. Müxtəlif hesablamalara görə, bütün infarktların 20–50 faizi məhz belə keçir.
Üstəlik, onların çoxu müayinələrdən sonra belə aşkar olunmur.
Amerikalı alimlər problemin miqyasını qiymətləndirmək üçün 1840 nəfərin ürəyini MRT ilə yoxlayıblar və on il sonra eyni müayinəni təkrar ediblər.
Nəticədə məlum olub ki, iştirakçıların 8 faizi bu müddətdə infarkt keçirib. Lakin onların 78 faizi bundan xəbərsiz olub. Çünki standart müayinələr, o cümlədən EKQ heç bir problem göstərməyib.
Nəzərə alsaq ki, dünyada hər il on milyonlarla infarkt baş verir, “səssiz” halların sayı milyonlarla ola bilər.
Səssiz infarktı necə qaçırmamaq olar?
Kardioloq Robert O. Bonou bildirib ki, tamamilə simptomsuz infarkt nadir hallarda olur. Əksər hallarda insan müəyyən narahatlıq hiss edir, sadəcə buna əhəmiyyət vermir.
Onun sözlərinə görə:
sinədə yüngül diskomfort
ürək yanması
ürəkbulanma
nəfəs darlığı
bütün bunlar ürək tutmasının əlaməti ola bilər.
Lakin insanlar bu simptomları çox vaxt yorğunluq, mədə problemləri və ya stresslə əlaqələndirirlər və həkimə müraciət etmirlər.
Bəzən infarkt soyuqdəymə və ya əzələ ağrısı kimi də özünü göstərə bilər.
Belə hallarda aşağıdakı simptomlar ortaya çıxa bilər:
sinədə və ya kürəyin yuxarı hissəsində ağrı
çənədə, boyunda və ya qollarda ağrı
səbəbsiz güclü yorğunluq
soyuq tər
həzmsizlik hissi
Risk qrupları
Səssiz infarktların əksəriyyəti ürəyin işemik xəstəliyi ilə əlaqəlidir. Bu zaman koronar damarlarda aterosklerotik lövhələr yığılır və ürək əzələsinə qan axını azalır və ya tam dayanır.
Ən çox risk altında olanlar:
diabet xəstələri
yaşlı insanlar
qadınlar
Diabet zamanı sinir həssaslığı azaldığı üçün ağrı siqnalları zəif hiss oluna və ya ümumiyyətlə hiss edilməyə bilər.
Digər risk faktorları isə adi infarktda olduğu kimidir:
artıq çəki
yüksək qan təzyiqi
yüksək xolesterin
yüksək qan şəkəri
az hərəkətli həyat tərzi
xroniki stress
siqaret
İnfarktın “səssiz” xəbərdaredici siqnalları
İnfarkt bəzən qəfil baş versə də, çox vaxt orqanizm illərlə həddindən artıq yüklənmə rejimində işləyir.
Adətən təhlükənin əsas xəbərçiləri bunlardır:
yüksək arterial təzyiq
yüksək xolesterin səviyyəsi
Bu amillər damarları tədricən zədələyir, aterosklerotik lövhələrin yaranmasına səbəb olur və ürəyin qanla təminatını pisləşdirir.
Problemin əsas çətinliyi isə ondadır ki, hipertoniya və yüksək xolesterin uzun müddət heç bir simptom verməyə bilər. İnsan özünü sağlam hesab edir, lakin bir gün infarktla üzləşə bilər.
Təzyiqə nəzarət infarkt riskini azaldır
Terapevt Nina Danilkina bildirib ki, infarktın qarşısını almaq üçün arterial təzyiqin 140/90 mm civə sütunundan yüksək olmaması vacibdir.
Əgər təzyiq bu səviyyədən yuxarı qalarsa, zamanla ürək əzələsinin divarları qalınlaşır. Bunun üzərinə damar divarlarında xolesterin toplanarsa, infarkt riski daha da artır.
Həkim vurğulayıb ki, hipertoniya çox vaxt simptomsuz keçir və ürək tutmalarının əsas səbəblərindən biri sayılır.
Yüksək təzyiq ürəyin daha sürətli və ağır işləməsinə səbəb olur. Bu isə damarların tədricən zədələnməsinə gətirib çıxarır.
Danilkina qeyd edib ki, bəzən ürək hətta normal sayılan təzyiqdə belə həddindən artıq yüklənə bilər.
Məsələn, bəzi insanların normal təzyiqi 90/60 olur. Belə insanlar üçün 120/80 belə yüksək sayılır.
Xolesterinin artmasını hiss etmək çətindir
Təzyiq dəyişikliklərini insan evdə ölçə bilər. Lakin xolesterin səviyyəsinin yüksəldiyini laborator analizlər olmadan müəyyən etmək demək olar ki, mümkün deyil.
Bəzən nadir hallarda bədən bəzi siqnallar verə bilər:
göz ətrafında sarımtıl yığıntılar (ksantomalar)
vətərlərdə sərt düyünlər
gözün buynuz qişası kənarında boz halqa
Lakin əksər hallarda lipid mübadiləsi pozğunluqları yalnız tibbi müayinələr zamanı aşkar edilir. Buna görə həkimlər hesab edir ki, müntəzəm müayinələr ürək fəlakətlərinin qarşısını almağın yeganə effektiv yoludur.
“Səssiz” infarktın qarşısını necə almaq olar?
Ağrının olmaması infarktın yüngül keçdiyi demək deyil. Əksinə, bəzi hallarda belə tutmalar daha təhlükəli hesab olunur.
Kardioloq Xorxe Plutski bildirib ki, səssiz infarkt keçirən insan çox vaxt bundan xəbərsiz olur və tibbi yardım almır.
Belə insanlar:
müalicə almır
həyat tərzini dəyişmir
profilaktik tədbirlər görmür
Bu isə təkrar infarkt riskini xeyli artırır.
Araşdırmalara görə, infarkt keçirib müalicə almayan insanlarda ölüm riski üç dəfə artır.
Ürək xəstəliklərinin qarşısını necə almaq olar?
Mütəxəssislər ən azı ildə bir dəfə tibbi müayinədən keçməyi tövsiyə edirlər.
Adətən bu müayinələrə daxildir:
qan analizləri
arterial təzyiqin ölçülməsi
EKQ müayinəsi
Kardioloq Xorxe Plutski qeyd edib ki, EKQ hər zaman keçmiş infarktın izlərini göstərə bilmir. Daha dəqiq nəticə ürəyin MRT müayinəsi ilə əldə edilir.
Lakin bu müayinəni hamıya tətbiq etmək zəruri hesab edilmir.
Həkimin sözlərinə görə:
“Həyatları xilas edən əsas amil diaqnostika yox, davamlı profilaktikadır.”
Əgər insanlar mütəmadi olaraq:
qan təzyiqinə nəzarət etsələr
xolesterin səviyyəsini yoxlasalar
siqaretdən uzaq dursalar
düzgün qidalansalar
aktiv həyat tərzi sürsələr
ürək-damar xəstəliklərinin təxminən 80 faizinin qarşısını almaq mümkün olar.
İmran Kərimli









