“Şah” getdi, o gəlir? – “Canni De Byazinin bu açıqlaması mənim üçün surpriz olmadı”

“Şah” getdi, o gəlir? – “Canni De Byazinin bu açıqlaması mənim üçün surpriz olmadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının bu mövsümünün ən parlaq siması sözsüz ki, Yusif İmanovdur.

Ötən mövsümdən baş məşqçi Murad Musayevin etibarını qazanan 20 yaşlı gənc bundan məharətlə istifadə etməyi bacardı.

O, uğurlu çıxışı ilə qısa müddətdə komandasının “bir nömrəsi”nə çevrilə bildi.

Masazır təmsilçisinin 23 turdan sonra ikinci pillədə qərarlaşmasında onun da xidmətləri danılmazdır.

İndi isə əsas hədəf sözsüz ki, hazırkı stabilliyi qorumaqla Azərbaycan milli komandasında möhkəmlənmək olmalıdır.

Artıq dəvətnamə də qapıdadır. Düzdür, rəsmi heç nə yoxdur, amma şifahi olaraq yığmamızın çalışdırıcısı Canni De Byazi mətbuata açıqlamasında bu xəbərin mesajını verib:

“Yusif İmanovu bu dəfə əsas milliyə dəvət etməyi düşünürəm. “Sabah”la birlikdə əla mövsüm keçirir.

Gəncdir, istedadlıdır, çox yaxşı perspektivi var. Azərbaycan futbolu üçün önəmli adlardan biri olacaq”.

Maraqlıdır, İmanov bu çağrışa necə hazırdı? Onun ölkənin bir nömrəli komandasına dəvət olunması hansı perespektivi vəd edir?

Suallarımıza cavab tapmaq üçün “Sabah” komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyovla söhbətləşdik.

“Bəli, bu barədə mətbuatdan mən də oxumuşam. Sevindirici haldır ki, bizim cavan qapıçımızı ölkənin əsas yığmasına dəvət edəcəklər.

Açığı, bu xəbər mənim üçün heç də surpriz olmadı. Çünki Yusif artıq Premyer Liqada 30-dan artıq oyun keçirib.

 

Kifayət qədər yaxşı göstərici sayılmalıdır. Belə bir qapıçını milli komandaya dəvət etməyə dəyər.

Yığmamızın əsas qolkiperi olan Şahruddin Məhəmmədəliyevin ciddi zədə almasından sonra belə qərar verilsə, düşünürəm ki, çox düzgün addım olacaq. İnşallah, bununla da Yusifin A millidə karyerası başlamış olar”.

Təcrübəli mütəxəssis İtaliyalı baş məşqçinin açıqlamasını İmanova ilk özünün göstərdiyini və kiçik məsləhət də verdiyini sözlərinə əlavə edib:

“Bu barədə onunla söhbətimiz olub. Xəbəri ilk olaraq özünə mən göstərdim.

Ancaq ona məsləhət verdim ki, bu hələ dəqiq deyil və bizim qarşıda bir neçə oyunumuz var. Və ilk öncə həmin qarşılaşmalara köklənmək lazımdır”.

Bilirik ki, son illər əsas milli komandamızın “bir nömrəsi” sayılan Şahruddin Məhəmmədəliyev ciddi zədə səbəbindən hələ bir müddət də yaşıl meydanlardan kənarda qalacaq.

Belə də onun yerini tutmaq digər qolkiperlər üçün əla fürsət sayıla bilər. Ən real namizədlərdən biri isə elə Yusif özüdür. Amma Vitali Kovalyov bu barədə danışmağın çox tez olduğunu diqqətə çatdırıb:

“Məncə, bu barədə danışmaq bir qədər tezdir. Hələ tələsmək lazım deyil. Bir neçə oyun keçirəndən sonra nəsə deyə bilərik. Ki, layiqdir, yoxsa layiq deyil.

Unutmayaq ki, Şahruddinin öz yeri var. Sadəcə, indi ciddi zədə alıb. Düşünürəm ki, hələ yenidən meydanlara qayıdıb, öz sözünü deyəcək”.