Şagirdlərin yazı bacarığı inkişaf etməlidir-Dosent İlham Əhmədov

Şagirdlərin yazı bacarığı inkişaf etməlidir-Dosent İlham Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib, şagirdlərin  gələn  ildən   başlayaraq, imtahanda esse yazması  qərarını  düzgün addım  hesab edirəm.  Əslində bu bir qədər də gecikmiş addımdır.

Burada söhbət  həm də  tədricən imtahanın fəlsəfəsinin dəyişməsindən gedir.  Biz bilik ölçməkdən bacarıq ölçməyə keçidi müşahidə edirik. Gəlin məsələyə sistemli şəkildə baxaq.

Bu dəyişikliyin  hədəfi nədir?  Əvvəlki modeldəki  test imtahanı qrammatika, söz ehtiyatı  və   dinləmə, anlama bacarığını yoxlayırdı. Yeni modeldə isə esse yazacaq, bu fikri ifadə etmə, strukturlaşdırma, analitik düşünmə bacarığını yoxlayır.   Yəni,  sistem artıq sadəcə “bilirsənmi?” yox, “istifadə edə bilirsənmi?” sualını verir.  Bu, qlobal trenddir. Beynəlxalq imtahanlarda (IELTS, TOEFL)  esse  əsas komponentdir. Çünki real həyatda dil  test işarələmək üçün yox,  ünsiyyət qurmaq və fikir bildirmək üçün lazımdır.

Bəs bu dəyişiklik imtahanı  asanlaşacaq, yoxsa çətinləşəcək?  İlkin mərhələdə çətin ola bilər,  gələcəkdə isə daha ədalətli olacaq.

Bəs çətinlik nədə ola bilər?  Şagirdlərin böyük hissəsi  testləri  öyrənib, yazı yazmağı yox. Bu gün məktəblərdə  yazı bacarığı sistemli öyrədilmir, hərçənd bu çox vacibdir. Müəllimlərin bir hissəsi özləri  belə akademik esse yazmaqda çətinlik çəkir.

Niyə daha ədalətli olacaq?  Testi əzbərləyən yox, düşünən şagird fərqlənəcək,  real dil biliyi olanlar üstünlük qazanacaq,  variant əzbərləmə  modeli zəifləyəcək

Bu addımın arxasında  müəyyən strateji məqsədlər də var.   Dil artıq  kommunikasiya kimi qəbul ediləcək,  test dil bacarığını  qismən ölçür”, amma esse dili  istifadə edir.  Bu yenilik tənqidi və analitik düşüncəni  inkişaf etdirə bilər. Bu keyfiyyətin bizim gənclərə gələcəkdə xeyri olacaq ya yox, bunu  demək çətindir, çünki, bizdə tənqidi düşünəni, tənqid edəni  heç sevmirlər, xüsusən də elm-təhsil sistemində. Burada hələ də sovetdən qalan inzibati-amirlik metodları hakimdir, sözdə demokratiyadan danışılsa da.  Amma süni intellekt dövründə bu keyfiyyət  xüsusi ilə vacibdir.  Beynəlxalq təcrübədə buna xüsusi diqqət verirlər.

Esse sadəcə dil deyil, düşüncə strukturudu. Essenin strukturu  giriş, arqument, nəticə kimi bloklardan ibarət olur adətən, bu insan düşüncəsinin struktiuruna analojidir.  Bu həm də  təhsil sisteminin keyfiyyətini yüksəldə bilər.

Digər tərəfdən esse yazmaq  qlobal standartlara uyğunlaşmağa da imkan  verəcəkdir. Azərbaycan təhsili beynəlxalq sistemlərə inteqrasiya etsə daha yaxşıdır.

Bəs təhsil sistemi buna hazırdırmı? Məncə,   tam hazır deyil. Buməsələdə müəyyən problemlər var:

  • Ana dilində esse mədəniyyəti zəifdir, məktəblərdə inşa yazılır, amma bu akademik esse deyil. Struktur, arqument, məntiq zəifdir, şagirdlərdə  “fikri inkişaf etdirmək” yox, “mövzunu doldurmaq” vərdişi var.
  • Müəllim hazırlığında problemlər var. Yazı öyrətmək xüsusi metodika tələb edir. Bu metodikalar bizdə geniş yayılmayıb
  • Qiymətləndirmə riski. Esse subyektiv qiymətləndirməyə açıqdır.  Standartlaşdırma çox ciddi sistem tələb edir

Bəs ana dilində esse yaza bilməyənlər xarici dildə esse yazmağı  bacararmı? Çox çətinlilə, amma mümkündür (müəyyən şərtlərlə).  Əgər şagird  düşünməyi bacarmırsa, o,  heç bir dildə yaza bilməyəcək. Əgər şagird  struktur qurmağı bacarmırsa, dilin nə fərqi var?

Amma  bəzən şagirdlər xarici dildə daha yaxşı esse yazırlar, çünki onlar “şablon struktur” öyrənirlər, fikir deyil, model istifadə edirlər.  Yəni bu, real bacarıq yox, texniki bacarıq olur.

Bu qərarın uğurlu olması üçün nə lazımdır?  Bu addımın uğurlu olması üçün  müəyyən addımlar atılmalıdır:

  1. Məktəblərdə yazı kurikulumu yenilənməlidir, 5-ci sinifdən başlayaraq yazı bacarığı sistemli öyrədilməlidir.
  2. Müəllimlər yenidən hazırlanmalıdır, esse yazma və öyrətmə metodikası tədris edilməlidir.
  3. Qiymətləndirmə sistemi şəffaf olmalıdır, standart kriteriyalar hazırlanmalıdır.
  4. Ana dili ilə inteqrasiya olmalıdır, əvvəl ana dilində düşünmə bacarığı, sonra xarici dildə düüşünmə və yazma bacarığı formalaşdırılmalıdır.

DİM-in bu qərarı  düzgün addımdır. Amma  ETN də gərək  öz vəzifəsinin öhdəsindən gələ bilsin,   uşaqları repetitorxanalardan məktəbə  qaytarsın, bu yenilikləri  elmi əsaslarla sistemli  tətbiq məktəblərdə tətbiq etsin. Düşünürəm ki,  bu addımın uğurlu olması daha çox ETN-nin fəaliyyətindən asılı olacaqdır.

Yəni, bu yeniliyin uğurliu olması üçün,  esse imtahana yox, təhsil sisteminə daxil edilməlidir.  Əgər təhsil sistemi dəyişməzsə, imtahanı dəyişmək yalnız formadır, məzmun deyil, faydası da olmaz. Əgər şagird  fikrini əsaslandıra bilmirsə, arqument qura bilmirsə, məntiqi struktur yarada bilmirsə,  ona 5 dil öyrətməyin nə mənası var?

Dosent İlham Əhmədov