Rusiyada 10-15 sosial əhəmiyyətli ərzaq məhsulunun qiymətinin dondurulması təklif olunub.
Bu təşəbbüslə Dövlət Dumasının deputatı Yuri Qriqoryev çıxış edib.
Tribina.az TASS-a istinadla xəbər verir ki,təklifə əsasən, pərakəndə satış şəbəkələri dövlətdən subsidiya alacaq, əvəzində isə həmin məhsulların qiymətini sabit saxlayacaq.
“10-15 sosial əhəmiyyətli məhsulun siyahısını müəyyənləşdiririk: şəkər, qarabaşaq yarması, un, yumurta, süd. Ticarət şəbəkələri dövlətdən subsidiya alır, bunun müqabilində isə dövlət həmin malların qiymətlərinin tam şəkildə dondurulmasına zəmanət verir”, – deyə Yuri Qriqoryev bildirib.
Deputat qeyd edib ki, Rusiyanın bəzi regionlarında yerli hakimiyyət orqanları bir neçə növ çörəyin qiymətini sabit saxlamaq məqsədilə çörək istehsalçılarına subsidiya ayırır. Onun sözlərinə görə, bu təcrübə bütün ölkə üzrə tətbiq olunmağa layiqdir.
Bundan əvvəl Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Korporativ Maliyyə və Korporativ İdarəetmə kafedrasının dosenti Olqa Borisova NEWS.ru-ya açıqlamasında bildirmişdi ki, yaxın iki ay ərzində Rusiyada meyvə-tərəvəz məhsullarının qiymətində ucuzlaşma gözlənilir. Onun proqnozuna görə, tərəvəz, göyərti və meyvələrin qiyməti hazırkı səviyyə ilə müqayisədə 30 faizə qədər enə bilər.
İmran Kərimli









