Rusiyanın Ukraynaya son hücumları ölkə üzrə nəşriyyat və poliqrafiya müəssisələrinə ciddi ziyan vurub. Nəticədə 12 milyon kitab məhv edilib. Ukraynada yeni tədris ilinin başlamasına bir həftə qalmış nəşriyyat sektoru ağır vəziyyətlə üzləşib.
Tribuna.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın son dövrlərdə Kiyevdə məşhur ikinci əl kitab bazarını, eləcə də ölkə üzrə nəşriyyat anbarlarını və mətbəələri hədəfə aldığı bildirilir.
Kiyevin kənarında yerləşən mətbəədə Viktoriya Hayday raket zərbəsindən sonra dağıntıları araşdırır. Müəssisə yeni tədris ili üçün dərsliklərin hazırlanması məqsədilə istehsalı sürətləndirmişdi. Burada Ukraynadakı bütün məktəb kitablarının təxminən 10 faizini təşkil edən 1,3 milyon kitabın çap edilməsi nəzərdə tutulurdu.
Dağıntılar arasında ingilis dili dərsliyinin yanmış səhifəsi də qalıb. Səhifədə “Mənim adım Uilyamdır, mən Böyük Britaniyadanam. Nənəm Nottingemdə yaşayır. Bu, gözəl şəhərdir” sözləri yazılıb.
BBC-nin məlumatına görə, Rusiya son dövrlərdə Ukraynanın müxtəlif bölgələrində mətbəələrə və nəşriyyatlara bir sıra zərbələr endirib. Nəticədə 12 milyon kitab məhv edilib, Ukraynanın tarixi və mədəniyyətinin digər simvollarına da ziyan dəyib. Yerli KİV-in məlumatına görə, Rusiya bu il Ukraynada çap olunan kitabların üçdə birini məhv edib.
Kiyevdəki mətbəədə dağıntılardan heç nə xilas etmək mümkün olmayıb. Yanğından salamat çıxan səhifələr belə ya yanğının söndürülməsi zamanı, ya da damın dağılması nəticəsində yağış və digər hava şəraitinin təsiri ilə su altında qalaraq yararsız vəziyyətə düşüb.
“İnanıram ki, bu, Rusiya Federasiyası tərəfindən qəsdən edilir”, – “Konvi” nəşriyyat şirkətinin kommersiya direktoru Viktoriya Hayday bildirib.
“Son iki ay ərzində ən böyük nəşriyyatların bəziləri çox böyük həcmdə kitabların saxlandığı logistika anbarlarını itirib. Ruslar Ukraynanı bir xalq kimi silmək cəhdi ilə mətbəələri də məhv edirlər. Amma açığı, buna nail ola bilməyəcəklər”, – o əlavə edib.

Son həftələrdə 35-dən çox nəşriyyat müəssisəsinin hücumlara məruz qaldığı bildirilir.
Lakin hücumlar yalnız yeni çap olunmuş kitablara qarşı deyil. Kiyevdəki Poçayna ikinci əl kitab bazarı da zərbəyə məruz qalıb. Hücum nəticəsində yüzlərlə fərdi satış məntəqəsi və çoxsaylı qiymətli kitablar məhv olub.
Yanğınsöndürənlər alovu tam söndürməmişdən əvvəl 28 yaşlı kitab bloqeri Liliya Velikaya dağıntılar arasında axtarış apararkən rast gəlinib. O, dağıntılar arasından elmi-fantastik romanın su içində qalmış nüsxəsini çıxarıb.
“Kitablar bizi xilas edir və onları itirmək sanki ürəyimizi itirmək kimidir”, – Liliya Velikaya deyib.
Ukraynada muzeylər, incəsənət qalereyaları, kinostudiyalar, kitabxanalar və opera binaları da zərər görüb.
Kiyev-Peçersk Lavrasında – paytaxtın böyük orta əsr monastırında və mühüm mədəni irs abidəsində – Uspenski kafedralının qızılı günbəzləri zədələnib.
Dini artefaktlar təhlükəsiz yerə köçürülüb. Lakin dron hücumundan sonra binanın damının böyük hissəsində yanğın baş verib. Təmir işlərinin 11,2 milyon dollara başa gələcəyi və iki il davam edəcəyi gözlənilir.
Ərazidə həmçinin Ukraynanın kitab və çap muzeyi yerləşir. UNESCO 1990-cı ildə kompleksi Dünya İrs Siyahısına daxil edib, 2023-cü ilin sentyabrında isə onu təhlükə altında olan dünya irsi obyektləri reyestrinə əlavə edib.
Monastırın əsasının qoyulmasının 975-ci ildönümü ilə bağlı keçirilən son tədbirlərdə UNESCO-nun baş direktoru Xalid əl-Ənani “əhəmiyyətli dağıntıları” görməkdən “dərindən kədərləndiyini” bildirib.
“UNESCO beynəlxalq hüquqla qorunan bütün mədəni irs obyektlərinə qarşı hücumları qətiyyətlə pisləyir”, – o, Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi tədbirdə deyib.

Əl-Ənani kafedralı Ukraynanın mədəniyyət naziri Tetyana Berejnaya ilə birlikdə ziyarət edib. Berejnaya BBC-yə bildirib ki, Rusiyanın müharibəsinin mədəni və hərbi nəticələrini bir-birindən ayırmaq olmaz.
“Bu, mövcudluğumuz uğrunda müharibədir. Rusiya bizi bir xalq kimi məhv etmək, bir xalq olaraq silmək istəyir, sanki ukraynalılar mövcud deyilmiş və heç vaxt mövcud olmayıblar. Buna görə də Rusiya bizim mədəni irsimizi, uzun müddətdir burada mövcudluğumuzun simvollarını hədəfə alır”, – nazir bildirib.
“Onlar bunun bizim üçün nə qədər vacib olduğunu başa düşürlər. Çünki biz kimliyimizi və mədəniyyətimizi qoruyuruq. Rusiya isə mənimsəyə bilmədiyi hər şeyi məhv etmək istəyir”, – Berejnaya əlavə edib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın 1900-dən çox mədəni irs obyektinə və 2000-dən çox mədəniyyət müəssisəsinə hücum edib.
İncəsənət və ədəbiyyat nümunələrinin rəqəmsallaşdırılması da fiziki kitabların məhv edilməsinə baxmayaraq mədəni irsi qorumaq və uşaqların təhsil almasını təmin etmək strategiyasının bir hissəsidir.
Ukraynanın bütün nəşriyyat sektorunun təhlükə altında olduğu və fəaliyyətini davam etdirə bilməsi üçün beynəlxalq dəstəyə ehtiyac duyduğu barədə xəbərdarlıqlar səslənir.
Kiyevdəki bombalanmış mətbəədə Viktoriya Hayday bildirib ki, nəşriyyat sənayesinin qorunması Ukrayna ədəbiyyatının gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
“Söz hər şeydir. Bu, bizim inkişafımız, mədəniyyətimiz və nəsildən-nəslə ötürülən tarixi irsimizdir”, – Hayday deyib.
2021-ci ildə “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqaləsində Rusiya Prezidenti Vladimir Putin ukraynalılarla rusların vahid xalq olduğunu bildirmiş, müstəqil Ukrayna dövlətinin və mədəniyyətinin legitimliyini şübhə altına almışdı.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi BBC-yə açıqlamasında mədəni irsə dəyən ziyana görə Ukrayna hökumətini günahlandırıb. Səfirlik abidələrin söküldüyünü və küçələrin adlarının dəyişdirildiyini bildirib. Həmçinin mədəniyyət obyektlərindən hərbi obyektlərin gizlədilməsi üçün istifadə edildiyini iddia edib.
Kreml isə Ukraynaya qarşı genişmiqyaslı müharibənin beş ili ərzində mülki obyektləri qəsdən hədəfə aldığını dəfələrlə təkzib edib. Bu açıqlamalara baxmayaraq, yaşayış binalarına və digər mülki infrastruktura çoxsaylı raket və dron hücumları həyata keçirilib.









