Şirvanda reabilitasiya mərkəzində autizmli uşağa qarşı tətbiq olunan şiddət görüntüləri sosial şəbəkələrdə və cəmiyyətdə böyük rezonans doğurub.
Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan bloger Xatirə Yüzbəyova yayılan kadrları izləməkdə çətinlik çəkdiyini və yaşananların qəbuledilməz olduğunu bildirib.
O, uşaqlara qarşı zorakılıq edən şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb:
“İki həssas qrupa aid övladı olan bir valideyn kimi bu kadrları izləmək mənə çox ağır gəldi, hətta sonadək baxa bilmədim. Öz uşaqlarımı onların yerinə qoyuram. Fərqi yoxdur, həssas qrupa daxil olan və ya olmayan hər bir uşağa şiddət göstərən şəxs ilk növbədə qanun qarşısında məsuliyyətə cəlb edilməlidir. Təsəvvür edin, uşaq özünü müdafiə edə bilmir, dili-ağzı yoxdur, danışa bilmir. Özünü qoruya bilməyən bir uşağa tətbiq olunan şiddətə heç bir halda bəraət qazandırmaq olmaz. Bu, uşaq üçün çox böyük bir travmadır”.
Xatirə Yüzbəyova özəl reabilitasiya və uşaq mərkəzlərindəki nəzarətsizlikdən və kadr seçimi məsələsindəki boşluqlardan da söz açıb:
“Bu görüntüləri paylaşıldıqdan sonra mənə izləyicilərdən çoxsaylı mesajlar gəldi ki, bəzi mərkəzlərdə uşaqlara həqiqətən də şiddət tətbiq olunur. Düşünürəm ki, açılan bütün mərkəzlər vahid bir sistemə bağlanmalıdır. Necə ki, məktəb müəllimləri müəyyən imtahanlardan, yoxlamalardan və komissiyalardan keçirlər, bu mərkəzlərdə çalışan heyət də mütləq şəkildə eyni mərhələlərdən keçməlidir. Onların psixoloji vəziyyəti ciddi şəkildə araşdırılmalıdır. Bu sahədə yalnız işini sevən, işinə hörmətlə yanaşan və bu öhdəliyin öhdəsindən gələ bilən mütəxəssislər çalışmalıdır”.
Bloger sonda vurğulayıb ki, uşaqların toplandığı bütün sosial məkanlar vahid sistemə inteqrasiya olunarsa, belə özbaşınalıqların qarşısı alınar:
“Uşaqların iştirak etdiyi hər bir məkan və sosial mühit üzərində ciddi nəzarət mexanizmi tətbiq edilməlidir”.
Xatırladaq ki, Şirvan şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən mərkəzlərin birində Ceyran Muradova adlı psixoloq autizmli uşağın valideyninə səhvən montaj olunmamış videonu göndərib. Valideynə təqdim edilən görüntülərdə müəllimin uşağa dərs öyrətmək adı altında şiddət göstərdiyi üzə çıxıb. Bundan sonra azyaşlının valideynləri polisə müraciət edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Qeyd edək ki, Ceyran Muradova özünün rəhbərlik etdiyi “Neopsy Clinic”də psixoloq kimi fəaliyyət göstərir.









