“Azercell” in 30 ildən artıqdır abunəçisi olduğunu bildirən Gəncə Dövlət Universitetinin müəllimi, texnika elmləri doktoru Cavadov Elçin Məhəmməd oğlu şirkətin hesablaşma sistemi ilə bağlı narazılığını ifadə edib.
Bununla bağlı Tribuna.az-a faktlara əsaslanan məktub göndərən E. Cavadov bildirir ki, “Azercell” abunəçilərini aldadır.
O, 29 avqust 2026-cı il saat 19:46-da 050 669 20 51 nömrəsindən 055 867 25 34 nömrəsinə zəng etdiyini bildirib. Onun sözlərinə görə, qarşı tərəf zəngi cavablandırıb və cəmi 1 saniyə sonra əlaqə kəsilib. Danışıq faktiki olaraq baş tutmasa da, balansından 19 qəpik tutulub.
Abunəçi daha sonra həmin nömrəyə yenidən zəng etdiyini və bu dəfə danışıq haqqının dəqiqəsi 19 qəpik hesablandığını gördüyünü deyib.
Şikayətçinin sözlərinə görə, “Azercell”in rəsmi “Sadə” tarif səhifəsində şəbəkəxarici zənglərin qiyməti 0,06 AZN/dəqiqə, tarif müddəti başa çatdıqdan sonra isə 0,08 AZN/dəqiqə göstərilir. Həmin səhifədə zənglər üzrə hesablaşma intervalının 1 dəqiqə olduğu da qeyd olunur.
Abunəçi bildirir ki, onun “Sadə 8” paketi üzrə 30 günlük müddət, 500 ölkədaxili danışıq dəqiqəsi, 500 SMS və 1 GB internet təqdim edilir.
O, “Azercell”dən 1 saniyəlik zəngə görə 19 qəpik tutulmasının səbəbini və növbəti zəngin niyə 6 qəpik deyil, 19 qəpik/dəqiqə hesablandığını açıqlamağı tələb edir.
Abunəçinin şirkətə ünvanladığı əsas suallar bunlardır:
– 29 avqust saat 19:46-da 050 669 20 51 nömrəsində hansı tarif aktiv olub?
– Paket həmin vaxt qüvvədə olubmu?
– 055 867 25 34 nömrəsi telefonu açdıqdan 1 saniyə sonra əlaqə niyə kəsilib?
– Həmin 1 saniyəlik əlaqəyə görə niyə 19 qəpik tutulub?
– Növbəti zəng niyə 6 qəpik deyil, 19 qəpik/dəqiqə hesablanıb?
– 19 qəpik hansı tarifə və müqavilə şərtinə əsaslanır?
– Əgər yeni qiymət tətbiq olunubsa, niyə rəsmi “Sadə” tarif səhifəsində 6 qəpik/dəqiqə göstərilir?
– Bu hesablaşma bütün abonentlərə tətbiq edilirsə, müştərilər bu barədə nə vaxt və hansı formada məlumatlandırılıb?
– Texniki səhv baş veribsə, şirkət bunu rəsmi şəkildə etiraf edirmi?
– Artıq vəsait tutulubsa, həmin məbləğ geri qaytarılacaqmı?
Abunəçi hesab edir ki, məsələ yalnız 19 qəpikdən ibarət deyil.
Onun fikrincə, müştərinin balansından tutulan vəsaitin konkret tarif və müqavilə əsasının izah edilməsi vacibdir.
O, həmçinin müştəri xidmətlərinə müraciət etdikdə konkret əməliyyatla bağlı konkret izah əvəzinə şablon cavab verilməsindən narazılığını bildirib.
Abunəçi qeyd edib ki, onun müraciəti konkret tarix, saat, zəng edilən nömrə, danışığın müddəti və balansdan tutulan məbləğlə bağlıdır.
Buna görə də ümumi tarif məlumatının göndərilməsini cavab hesab etmir və konkret əməliyyat üzrə hesablaşmanın izahını tələb edir.
O, məsələnin istehlakçı hüquqları baxımından da araşdırılmalı olduğunu düşünür və balansdan çıxılan məbləğin rəsmi əsasının açıqlanmasını istəyir.
Qeyd edək ki, hazırda sözügedən iddialarla bağlı “Azercell”in mövqeyi məlum deyil.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









