Universitetlərimizin idarəetmə modelinin transformasiyası

Universitetlərimizin idarəetmə modelinin transformasiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk  universitetlərinin idarəetmə modelinin yerli universitetlərə transfer imkanları  

2023-cü ilin oktyabrında “Təhsil desantına ehtiyac var!”  (https://paralel.az/az/article/477592) adlı  məqalə  yazmışdıq. Məqalədə qeyd edilirdi ki, Azərbaycan ali təhsil sistemində problemlər  təkcə  maliyyə və infrastruktur məsələlərində  deyil. Elmi idarəetmə, universitet muxtariyyəti, tədqiqatların maliyyələşməsi, beynəlxalq təcrübə transferi  v.s. sahələrdə də ciddi  problemlər var.  Təklif etmişdik ki, problemlərin həllini sürətləndirmək məqsədi ilə Türkiyədən 100–150  nəfər təcrübəli  təhsil tədqiqatçısı və menecerini  ölkəmizə dəvət edək, onlar ETN və universitetlərin   transformasiya  proseslərini  layihələndirsinlər və  bu layihələrin icrasına rəhbərlik etsinlər.  Çünki, bu proseslərdə  nə ETN-nin, nə də bizim universitetlərin  real  bilgii və təcrübəsi yoxdur.

Üç ildən   sonra bu ideyaya yenidən qayıtmalı olduq.   Ölkənin ali təhsil sistemində artıq müəyyən  dəyişikliklər baş verib, belə ki,  Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılması və Qarabağ Universitetinin bu ərəfədə  İstanbul Texniki Universiteti ilə ikili diplom proqramına   başlanması  ali təhsil sahəsində  mühüm   hadisələrdir.

Amma bu yeniliklər  yeni  problemlər də  gündəmə gətirir: biz xarici universitetlərlə ənənəvi  əməkdaşlıq, yoxsa akademik və idarəetmə modellərinin   universitetlərimizə transferini  istəyirik?

Məqalədə qeyd edilən problemlərin bir qismi indi daha aydın hiss edilir.

3 il əvvəl ali təhsilimizin beynəlxalq reytinqlərdə zəif mövqeyi haqqında yazarkən qeyd etmişdik ki, eyni addımları təkrar edərək fərqli nəticələr almaq mümkün deyil.  Bu gün mənzərə qismən dəyişib, reytinqlərdə irəliləşlər hiss edilir. Lakin  reytinqdə yüksəlmək sistem transformasiyası deyil, bu onun indikatorlarından biri ola bilər.  İndi əsas məsələ ölkədə rəqabətqabiliyyətli universitet ekosistemi yaratmaqdır.

Ən mühüm yenilik TAU- nun yaradılmasıdır

2024-cü ildə yaradılan TAU,  məqalədəki  “xarici təcrübənin ölkəyə gətirilməsi” təklifinin praktik reallaşmasıdır.   TAU-nun yaradılmasına dair memorandum 19.02. 2024 tarixdə imzalanmış,  2024-cü ilin aprelində Prezident Fərmanı ilə təsdiq edilmiş, 2024-cü ilin sentyabrında isə universitetin fəaliyyəti barədə sərəncam olmuşdur.

TAU-nun məqsədlərdən biri Azərbaycan vətəndaşlarına xaricə getmədən aparıcı dövlətlərin ali təhsil standartları çərçivəsində təhsil almaq imkanı yaratmaqdır.

TAU-nun  özəlliyi  onun “çətir  universitet” modelidir.

Burada ODTÜ-nün kompüter mühəndisliyi, İTÜ-nün sənaye mühəndisliyi və Hacettepe Universitetinin qida mühəndisliyi proqramları fəaliyyət göstərir. Azərbaycan tərəfdən əsas tərəfdaş Azərbaycan Texniki Universitetidir. Bu modelin əhəmiyyəti ondan ibarətdir ki, biz daha tələbəni xaricə göndərmirik, xarici universitetin akademik proqramını, professorunu və tədris modelini Azərbaycana gətiririk.  Bu, strateji baxımdan düzgün yanaşmadır. TAU-nun perspektivləri barədə  ayrıca məqaləmiz var (“Türkiyə–Azərbaycan Universiteti yeni  universitet erasının başlanğıcı ola  bilər.  xalqqazeti.az/az/sosial-heyat/275593-turkiyeazerbaycan-universiteti-yeni-universitet-erasinin).

TAU sadəcə yeni universitet deyil — bu yeni  modeldir

TAU-nun əsl əhəmiyyəti onun tələbə sayında deyil. Əgər bu universitet “proqram + professor + akademik idarəetmə + keyfiyyət təminatı + laboratoriya + tədqiqat + sənaye əlaqəsi” kompleksini Azərbaycana transfer edə bilsə, onun təsiri bir universitetin sərhədlərindən çıxacaq.   Bu halda TAU Azərbaycanın daha bir universiteti yox, Azərbaycan universitetlərinin transformasiya laboratoriyası  olacaqdır. Bu, TAU-nun mühüm strateji məqsədi  olmalıdır.

Qarabağ niversiteti–İTÜ modeli  ikinci mühüm mərhələdir

2026-cı ildə  ali təhsil sistemində  daha bir mühüm hadisə  oldu:  Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına başlayır. Proqram inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi kimya mühəndisliyi ixtisaslarını əhatə edir.

Təhsil tamamilə ingilis dilində olacaq. Tələbələr ilk üç ili Xankəndidə, dördüncü ili isə İstanbulda keçirəcək və uğurlu məzunlar hər iki universitetin bakalavr diplomunu alacaqlar. Proqram dövlət hesabına maliyyələşdirilir.

Burada maraqlı məqam proqramın yalnız ikili diplomla məhdudlaşmamasıdır. İTÜ professorlarının tədris prosesinə cəlb edilməsi, Xankəndidə müasir laboratoriyaların yaradılması, Türkiyədə istehsalat təcrübəsi və yay məktəbi, real mühəndislik layihələri nəzərdə tutulur. Bu adi beynəlxalq müqavilə deyil, bu gələcəkdə  akademik və texnoloji transfer mexanizminə çevrilə bilər.

2023-cü ildə təklif etdiyimiz “desant” anlayışı  artıq  dəyişir

Üç il əvvəl “100–150  türk təhsil tədqiqatçısı və meneceri ölkəyə gətirilsin” deyəndə məqsəd sadəcə xaricdən mütəxəssis gətirmək deyildi. Əsas məqsəd  “bilik → metod → idarəetmə mədəniyyəti → institusional dəyişiklik”  zəncirini yaratmaq idi.  Bu gün həmin ideyanı daha müasir şəkildə belə ifadə etmək lazımdır: bizə artıq “təhsil desantı” yox “ transfer komandaları” lazımdır.  Yəni,  hər xarici tərəfdaş universitet Azərbaycan universitetinə sadəcə professor göndərməməli,  eyni zamanda kurikulum dizaynı, akademik idarəetmə, keyfiyyət təminatı, tədqiqat siyasəti, laboratoriya idarəçiliyi, beynəlxalq qrant fəaliyyəti, sənaye əməkdaşlığı, doktorantura, rəqəmsal təhsil üzrə birlikdə işləyən komandalar yaratmalıdır.

Xarici universitetin adını  kifayət deyil

Əgər TAU və ya Qarabağ Universiteti–İTÜ əməkdaşlığı yalnız xarici proqram + diplom

səviyyəsində qalarsa, uzunmüddətli təsir məhdud olacaq. Əsas məsələ “nə aldıq?” yox, “nə öyrəndik və sistemə nə transfer etdik?” kimi olmalıdır. TAU-da tətbiq olunan akademik qiymətləndirmə, professor seçimi, proqramların yenilənməsi, tədqiqatın təşkili, sənaye ilə əməkdaşlıq, beynəlxalq keyfiyyət təminatı  mexanizmlərindən  “ölkənin neçə universiteti  istifadə etməyə başlayacaq”  kimi məsələlər də vacibdir.   Əgər yalnız TAU istifadə edəcəksə, sistemin səmərəsi  məhdud olacaq, TAU-dan sonra 10 universitet də həmin mexanizmləri tətbiq edəcəksə, onda əsl transfer  prosesi başlamış olur.

Azərbaycan ali təhsilində əsas problem  “miqyaslandırma”dır

Bizdə çox vaxt pilot layihə yaranır, amma  çox vaxt ölkə üzrə sistemləşdirilmir. Hesab edirik ki,  TAU → Qarabağ Universiteti–İTÜ → digər universitetlər ardıcıllığı qurulmalıdır.

Bir neçə model universitet yaradıb onları ayrıca saxlamaq  düz  deyil. Onların təcrübəsi “açıq metodologiya → təlim → mentorluq → resurs transferi”  digər universitetlərdə tətbiq vasitəsi ilə yayılmalıdır.

 

Qarabağ Universiteti ayrıca strateji laboratoriyaya çevrilə bilər

Qarabağ Universitetinin potensialı yalnız regional universitet olmaqla məhdudlaşmamalıdır.

Xankəndi kimi xüsusi tarixi və geostrateji məkanda yeni universitetin  üstünlükləri  var:

“Sıfırdan universitet dizaynı”.    Bu imkan çox nadir hallarda yaranır. Qarabağ Universitetində   “İTÜ + beynəlxalq mühəndislik modeli + müasir laboratoriyalar + sənaye layihələri + rəqəmsal təhsil + Sİ”   birləşdirilərək Azərbaycanın “Universitet  4.0”  prototipi yaradıla bilər.   İTÜ ilə 2026/2027-dən başlayan ikili diplom proqramı artıq bunun üçün real institusional baza yaradır.

TAU və Qarabağ Universitetindən sonra növbəti  addım nə olmalıdır?

Artıq bir neçə xarici universitetlə əməkdaşlıq siyasətindən “Milli Akademik Transfer Proqramı”na keçmək lazımdır. Məsələn, 10 strateji tərəfdaş universitetin hər biri “1 Azərbaycan universiteti + 1 xarici universitet” modelində işləyə bilər.

Əməkdaşlıq bu  beş komponent üzrə qiymətləndirilə bilər:  Kurrikulum transferi,  professor transferi, tədqiqat transferi,  laboratoriya transferi, idarəetmə və keyfiyyət transferi.

Beləliklə, əməkdaşlığın nəticəsi memorandumların sayı ilə yox, transfer edilmiş  təşkilari  səriştələrin həcmi ilə ölçülər.

Bu gün “təhsil desantı”nın ən vacib istiqaməti süni intellektdir

2023-cü ildə əsas problem beynəlxalqlaşma və idarəetmə idi. 2026-cı ildə buna süni intellekt əlavə olunub. Azərbaycan universitetləri Süni intellektlə dəstəklənən tədris, süni intellekt tədqiqatı, öyrənmə analitikası, süni intellekt üzrə akademik məsləhət, süni intellekt qiymətləndirməsi, rəqəmsal laboratoriyalar, süni intellekt idarəetməsi  sahələrində  qabaqcıl xarici təcrübəni sürətlə mənimsəməlidir.  Bu səbəbdən növbəti mərhələdə ali təhsil sahəsində  Azərbaycan–Türkiyə əməkdaşlığı TAU ilə məhdudlaşmamalıdır.   Məsələn, TAU və Qarabağ Universiteti ətrafında  Sİ+Mühəndislik+Sənaye  ekosistemi yaradıla bilər.

Bu, Azərbaycanın texnoloji insan kapitalı üçün güclü platformaya çevrilə bilər.

2023-cü ildən bu günə  olan  əsas dəyişiklik

 

Üç il əvvəl yazdığımız məqalənin əsas tezisi  belə idi: “Türkiyə  təcrübəsini  universitetlərimizə  gətirmək lazımdır.”   Bu gün artıq daha da  irəli getmək mümkündür: “Türkiyənin aparıcı universitetləri ilə birlikdə Azərbaycanda yeni universitet modelləri qurmaq lazımdır.”  Bu, prinsipial fərqdir. İlk model   təcrübənin öyrənilməsi idi, ikinci model təşkilati  transformasiyadır.  TAU və Qarabağ Universiteti– İTÜ xətti məhz bu ikinci mərhələnin ilkin nümunələridir.

Təhlükə  hələ də qalır

Azərbaycanın təhsil tarixində ən böyük problemlərdən biri pilot layihəni islahat kimi təqdim edilməsidir.   Bir universitetdə uğur əldə etmək hələ sistemin uğuru deyil.  TAU, Qarabağ Universiteti–İTÜ uğurlu ola bilər. Amma bu modellər Azərbaycanın digər universitetlərinin transformasiyasına  kömək  edəcəkmi?   Əgər bu modellər “yeni kurikulum → yeni professor siyasəti → yeni tədqiqat modeli → yeni idarəetmə → yeni maliyyələşmə”  formasında bütün ali təhsil sisteminə yayılarsa, onda real islahat başlaya bilər.

Azərbaycanın yeni hədəfi: “10 TAU effekti”

Azərbaycan  ali təhsil sistemi  qarşısına  2030-cu ilə qədər konkret  bir neçə seçilmiş universitetin inkişafından daha böyük hədəf qoymalıdır.  TAU effekti × 10, yəni TAU-da və Qarabağ Universiteti–İTÜ modelində sınaqdan keçirilən uğurlu mexanizmlər ən azı 10 universitetə transfer edilməlidir.   Bu mexanizmlər beynəlxalq kurikulum, xarici professor, ikili diplom, birgə laboratoriya, Sİ tədrisi, ortaq tədqiqat, sənaye əməkdaşlığı, beynəlxalq akkreditasiya ola bilər.   Belə olduqda xarici əməkdaşlıq ayrı-ayrı universitetlərin deyil, milli ali təhsil transformasiyasının alətinə çevrilər.

Beləliklə, görürük ki, ali təhsil sistemində real və  nəticəli islahatlara nail olmaq üçün  xeyli işlər görməliyik.  Yalnız bu halda ölkədə innovativ  inkişaf  və rəqəmsal transformasiya prosesləri  mümkündür.  Bu mürəkkəb prosesləri layihələndirmək və həyata keçirmək, bizim təhsil menecerləri üçün çox çətin ola bilər.  Ona görə də  qabaqcıl  xarici təcrübədən faydalanmalıyıq.

2023-cü ildə yazılan “Təhsil desantına ehtiyac var!” məqaləsinin əsas ideyası da məhz bundan ibarət idi. Bu  ideya  yenə də aktualdır, amma  indi  reallıq qismən dəyişib. Artıq Azərbaycan  xaricdən mütəxəssis dəvət etmə mərhələsini addımlayıb,  yeni mərhələyə qədəm qoymalıdır.

TAU yaradılıb və  fəaliyyət göstərir. TAU ODTÜ, İTÜ və Hacettepe kimi Türkiyənin aparıcı universitetlərinin proqramlarını Azərbaycan ali təhsil mühitinə gətirən “çətir universitet” modelinə çevrilib.   Qarabağ Universiteti isə 2026/2027-ci tədris ilindən İTÜ ilə mühəndislik üzrə dövlət hesabına ikili diplom proqramına başlayır,  proqramda İTÜ professorları, müasir laboratoriyalar, Türkiyədə istehsalat təcrübəsi və real layihələr nəzərdə tutulur.

Bu, üç il əvvəl təsəvvür etdiyimiz istiqamətdə  mühüm  irəliləyişdir. Amma indi daha çətin bir  mərhələ başlayır.

Xarici təcrübəni ölkəyə gətirmək və onu milli ali  təhsil sisteminə yaymaq  lazımdır. TAU və Qarabağ Universiteti–İTÜ modeli istisna olaraq qalarsa, onların təsiri məhdud olacaq.

Onlar prototipə çevrilərsə, Azərbaycan ali təhsilinin inkişafına real təsir göstərə bilərlər.

Bu gün “təhsil desantına ehtiyac var” tezisini belə yeniləmək olar: Azərbaycanın artıq təkcə təhsil desantına yox, akademik-transformasiya ordusuna ehtiyacı var. Bu “ordu”nun silahı müəllim və alim, sursatı bilik və qrant, komanda mərkəzi data və Sİ, əsas strategiyası isə beynəlxalq təcrübəni yerli universitetlərin təşkilati   qabiliyyətinə çevirməkdir.  Çünki,  Azərbaycan universitetlərinin gələcəyi  memorandumların sayından  yox,  öyrənmə və dəyişmə qabiliyyətindən asılı olacaq.

2023-cü ildən üç il sonra artıq problem “Türkiyədən nə öyrənək?” kimi deyil. İndi daha ciddi problemi-  TAU, İTÜ və digər beynəlxalq tərəfdaşlıqlar vasitəsilə öyrəndiyimizi Azərbaycanın bütün ali təhsil sisteminə necə transfer edək məsələsini həll etməliyik.

Bu problemin həlli Azərbaycan ali təhsilinin qarşıdakı onillikdə  inkişaf vektorunu təyin edəcəkdir.  Universitetlərimiz  yalnız  reytinqlərdə  cüzi  yüksələcək,  yoxsa həqiqətən rəqabətqabiliyyətli tədqiqat və innovasiya sistemi olacaqdır.

Dosent İlham Əhmədov