İqtisadçı Natiq Cəfərli ölkədə sənədsiz fərdi yaşayış evləri ilə bağlı məsuliyyətin yalnız vətəndaşların üzərinə qoyulmasını tənqid edib.
Tribuna.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Natiq Cəfərli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sənədsiz evlərlə bağlı açıqlamasına münasibət bildirib.
İqtisadçı qeyd edib ki, sənədsiz evlərin yaranmasına görə yalnız vətəndaşların məsuliyyət daşıması ilə bağlı yanaşma birtərəfli ola bilməz:
“Vətəndaşların məsuliyyətini sadalamısınız, bütün günahı vətəndaşa yükləmisiniz. Yaxşı, ölkədə 500 minə yaxın sənədsiz ev varsa, bunun bütün günahı vətəndaşdadırmı? Bu şəraitin yaranmasına görə hansı dövlət-hökumət qurumları, necə məsuliyyət daşımalıdırlar?”.
Natiq Cəfərli sənədsiz evlərə uzun illər ərzində dövlət şirkətləri tərəfindən kommunal xidmətlərin göstərilməsinə də diqqət çəkib. Onun sözlərinə görə, sənədsiz evlərə elektrik enerjisi, qaz və su sayğaclarının quraşdırılması, bu xidmətlərə görə vətəndaşlardan ödənişlərin alınması da ayrıca suallar doğurur.
“Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyulub, illərdir işıq, qaz, su satılıbsa və bu xidmət üçün dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı? Qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız? Vətəndaş illərlə kommunal xidmət ödəyibsə, bu ona hansısa üstünlüklər verirmi?” – deyə iqtisadçı suallar ünvanlayıb.
O bildirib ki, vətəndaş ev tikərkən tikintiyə nəzarət etməli olan dövlət qurumlarının məsuliyyəti də araşdırılmalıdır:
“Sistem, yanaşma birtərəfli ola bilməz, bütün məsuliyyət vətəndaşa yüklənə bilməz. Vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub?”.
İqtisadçı hesab edir ki, onilliklər ərzində formalaşmış problemdə yalnız vətəndaşın günahkar kimi təqdim edilməsi ədalətli yanaşma deyil.
“Bu suallara aydın, ədalətli cavablar olmalıdır. Onillərdir yaranmış bu problemdə tək günahkar vətəndaş ola bilməz. Səlahiyyəti olanların məsuliyyəti də olmalıdır. Məsələnin həlli yolu “əmlak amnistiyasından” keçir. Bu “amnistiya” səlahiyyəti olanların məsuliyyət haqqı olmalıdır”, – Natiq Cəfərli vurğulayıb.
Nigar İxtiyarqızı









