RF-də 2026-cı ilin iyunundan Mərkəzi Rusiya üzərində mülki aviasiya üçün genişmiqyaslı məhdudiyyətlər hazırlanır. Qadağa özəl təyyarələrə, helikopterlərə və biznes-cetlərin bir hissəsinə şamil olunacaq, səbəb kimi isə dron hücumları təhlükəsi göstərilir.
Tribuna.az xəbər verir ki, Rusiyada 2026-cı ilin iyunun əvvəlindən Moskva hava zonasında mülki hava gəmilərinin uçuşlarına genişmiqyaslı qadağa tətbiq etməyi planlaşdırırlar. Məhdudiyyətlər 5100 metrə qədər yüksəkliklərdə qüvvədə olacaq və faktiki olaraq Mərkəzi Rusiyanın özəl, kiçik və biznes aviasiyasının bir hissəsinə zərbə vuracaq.
Bu barədə Pilotlar və Hava Gəmiləri Sahiblərinin Regionlararası İctimai Təşkilatı məlumat yayıb.
Mövcud məlumata görə, qadağa yalnız Moskva və Moskvaətrafı əraziləri deyil, Moskva uçuş məlumat rayonunun daha geniş hissəsini əhatə edəcək. Söhbət qərbdə Belarus sərhədinə qədər, şimalda Sankt-Peterburq uçuş zonasının sərhədinədək, şərqdə Yekaterinburq və Samara zonalarına qədər, cənubda isə tammiqyaslı müharibənin əvvəlindən uçuşların məhdudlaşdırıldığı ərazilərə qədər uzanan hava məkanından gedir.
Məhdudiyyətlərə ümumi təyinatlı aviasiya təyyarələri, özəl helikopterlər və qeyri-müntəzəm reyslər həyata keçirən biznes-cetlər düşə bilər. Praktik olaraq bu, Mərkəzi Rusiyanın böyük hissəsi üzərində kiçik aviasiyanın fəaliyyətini iflic edə bilər.
Eyni zamanda, qadağanın müntəzəm və çarter reyslərinə, tibbi yardım və təxliyə üçün cəlb olunan aviasiyaya, həmçinin aviasiya-kimyəvi işlər, boru kəmərləri və elektrik xətlərinin monitorinqi və ya dövlət müqavilələri üzrə tapşırıqları yerinə yetirən təyyarələrə aid edilməyəcəyi bildirilir.
Pilotlar üçün rəsmi bildirişləri yaxın vaxtlarda Rosaviatsiya dərc etməlidir. Rusiya mənbələrinin məlumatına görə, sənədlərdə qadağanın bitmə tarixi göstərilməyib.
Belə tədbirlərin səbəbi kimi pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi və Rusiyanın hava hücumundan müdafiə sisteminin bölgədə uçuş təhlükəsizliyini təmin edə bilməməsi göstərilir.
İmran Kərimli









