Sənədsiz evlərə çıxarış veriləcək? – AÇIQLAMA

Sənədsiz evlərə çıxarış veriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda bir çox vətəndaş ev tikərək illərdir həmin ünvanda yaşasa da, mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edə bilmir. Xüsusilə torpaq sahəsinə dair sənədləri olmayan, yaxud evini vaxtilə müvafiq icazələr olmadan inşa edən şəxslər üçün bu məsələ ciddi problemə çevrilir. Bəs torpaq sənədi olmayan evə çıxarış almaq mümkündürmü? Belə evlərin hüquqi statusu necə müəyyən edilir?
Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib ki, məsələnin hüquqi həlli torpaq sahəsinin statusundan, tikintinin qanuniliyindən və şəxsin həmin torpaq üzərində hüquqlarını təsdiq edən sənədlərin mövcudluğundan asılıdır:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmamış torpaqda, müvafiq icazələr alınmadan və ya şəhərsalma normaları ciddi şəkildə pozulmaqla inşa edilmiş tikili özbaşına tikinti hesab olunur. Belə tikilini inşa edən şəxs avtomatik olaraq həmin evə mülkiyyət hüququ qazanmır. Lakin burada vacib bir məqam var: torpaq sahəsinin ayrıca çıxarışının olmaması heç də bütün hallarda evin dövlət qeydiyyatına alınmasının mümkünsüzlüyü demək deyil. Əgər torpağın qanuni istifadədə və ya qanuni əsaslarla ayrıldığını təsdiq edən ilkin sənədlər varsa və tikili qanunvericiliyin tələblərinə cavab verirsə, müəyyən hallarda evin dövlət qeydiyyatına alınması mümkün ola bilər.
Digər tərəfdən, torpağın hüquqi mənsubiyyəti müəyyən edilməyibsə, yaxud ərazi dövlət və ya bələdiyyə mülkiyyətində olmaqla xüsusi hüquqi rejimə malikdirsə, məsələ daha mürəkkəb xarakter alır. Məhkəmə yolu ilə mülkiyyət hüququnun tanınması da bütün hallarda mümkün deyil. Mülki Məcəllənin 180.3-cü maddəsi bunun üçün konkret hüquqi şərtlər müəyyən edir”.
Ekspertin sözlərinə görə, məsələyə yalnız tikilmiş evin mövcudluğu prizmasından yanaşmaq olmaz:
“Burada əsas məsələ torpaq üzərində hüquqi əsasın, tikintinin qanuniliyinin və vətəndaşın mülkiyyət hüququnun müəyyən edilməsidir. Bir tərəfdən qanunsuz tikililərin leqallaşdırılmasının qarşısı alınmalı, digər tərəfdən isə illərdir yaşadığı evin sənədləşdirilməsini gözləyən vətəndaşların qanuni hüquqları təmin edilməlidir. Nəticə etibarilə, torpaq sənədi olmayan hər bir evə avtomatik olaraq çıxarış verilməsi nəzərdə tutulmur. Hər bir müraciət mövcud sənədlər, torpaq sahəsinin hüquqi statusu və qanunvericiliyin tələbləri əsasında fərdi qaydada qiymətləndirilməlidir”.