RFO ilə bağlı xəbərdarlıq: “Şagirdlər digər fənlərdən geri qalır”

RFO ilə bağlı xəbərdarlıq: “Şagirdlər digər fənlərdən geri qalır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Fənn Olimpiadalarının (RFO) ilkin məqsədi istedadlı şagirdləri erkən yaşda aşkar etmək, onların potensialını inkişaf etdirmək və Azərbaycanı beynəlxalq bilik yarışlarında layiqincə təmsil edə biləcək gənclər yetişdirməkdir.

Lakin zaman keçdikcə bu proses ilkin məqsədlərindən kənara çıxaraq şagirdlər üçün ciddi təzyiq və rəqabət mühitinə çevrilməyə başlayıb.

Tribuna.az xəbər verir ki, bu fikirkərlə təhsil eksperti Vüqar Məmmədov çıxış edib.

Onun sözlərinə görə, şagirdlər yüksək nəticə əldə etmək üçün aylarla, hətta illərlə yalnız bir fənn üzərində çalışır, nəticədə digər vacib fənlərdən və ümumi dünyagörüşün formalaşmasından geri qalırlar:

“Fizikanı mükəmməl bilən gənc ədəbiyyatdan uzaq düşür, tarixi dərindən mənimsəyən şagird isə fundamental məntiqdən xəbərsiz böyüyür. Beləliklə, məktəbin verməli olduğu ümumi dünyagörüşü zədələnir”.

V.Məmmədov RFO iştirakçılarının sosiallaşması məsələsini də problemli məqam kimi qiymətləndirib.

Ekspertin fikrincə, yalnız bir uğur naminə uzun müddət masa arxasında çalışan uşaqlar dostluq münasibətləri qurmaq, komanda şəklində işləmək və empatiya kimi vacib sosial bacarıqları inkişaf etdirmək imkanından məhrum qala bilərlər.

“Bir fənni əla bilmək insanın mürəkkəb cəmiyyət daxilində doğru qərarlar verə bilməsi, böhran vəziyyətlərindən çıxış yolu tapması üçün əsla yetərli deyil”, – deyə ekspert vurğulayıb.

Ekspert hesab edir ki, təhsil yalnız bilik toplamaqdan ibarət olmamalı, eyni zamanda uşağın cəmiyyətə inteqrasiyasına və həyata hazırlanmasına xidmət etməlidir.

V.Məmmədovun fikrincə, məsələnin digər riskli tərəfi isə bu gənclərin gələcəkdə idarəetmə və müxtəlif mühüm sahələrdə təmsil olunması ilə bağlıdır.

O qeyd edir ki, yüksək akademik göstəricilər vacib olsa da, sosial bacarıqları, empatiyası və geniş dünyagörüşü kifayət qədər formalaşmamış şəxslərin gələcəkdə mühüm qərarverici mövqelərdə olması müəyyən problemlər yarada bilər.

“Kağız üzərində, dar məntiq çərçivəsində mükəmməl görünən bir qərarın real insan həyatına və cəmiyyətə tətbiqi dərin empatiya və geniş dünyagörüşü tələb edir”, – deyə V.Məmmədov bildirib.
Ekspert hesab edir ki, RFO kimi layihələrin əsas məqsədi yalnız medal qazanan şagirdlər yetişdirmək deyil, həm də sosial, emosional və intellektual baxımdan bütöv şəxsiyyətlərin formalaşmasına xidmət etmək olmalıdır.
O, bu baxımdan təhsil sistemində olimpiada hərəkatına yanaşmanın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Gülşən Rəsul