Rusiya hakimiyyətinin tanınmış jurnalist Yuri Dudun əmlakının müsadirəsi proseduruna başladığı bildirilir. Jurnalistin Moskvadakı mənzili ilə yanaşı, həyat yoldaşının adına rəsmiləşdirilmiş milyonlarla rubl dəyərində evinin də müsadirə olunması ehtimalı gündəmə gəlib.
Tribuna.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına yaxınlığı ilə tanınan SHOT teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, müsadirə prosedurunun ilk hədəfi Dudun Moskvanın Cənubi Butovo rayonunda yerləşən üçotaqlı mənzilidir. Sahəsi 78,5 kvadratmetr olan mənzili jurnalist 2012-ci ildə alıb.
2026-cı ilin aprelində ödənilməmiş cərimələrlə əlaqədar həmin mənzil üzərində alqı-satqı və digər əmlak əməliyyatlarına qadağa qoyulub. İndi isə mənzilin müsadirəsi məsələsinə məhkəmədə baxılacağı bildirilir.
SHOT-un məlumatına görə, jurnalistin Moskva ətrafındakı digər mülkü də müsadirə təhlükəsi ilə üzləşə bilər. Söhbət Yeni Moskvada yerləşən “Sinerqiya” kottec qəsəbəsindəki təxminən 250 kvadratmetrlik evdən gedir. Evin dəyəri 75 milyon rubl qiymətləndirilir.
Nəşr iddia edir ki, Dud Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra həmin evi həyat yoldaşı Olqanın adına keçirib. Məhkəmə bu əməliyyatın qanuniliyini də araşdıra və müvafiq əsaslar müəyyən edilərsə, əmlakın özgəninkiləşdirilməsinə dair müqaviləni etibarsız saya bilər.
Xatırladaq ki, sentyabrın 23-də Yuri Dud Rusiyanın Maliyyə Monitorinqi Xidmətinin terrorçular və ekstremistlər siyahısına daxil edilib. Jurnalist bundan əvvəl də Rusiyada “xarici agent” elan olunmuşdu. Məlumatlara görə, Duda qarşı yeni cinayət təqibi onun Rusiya Könüllülər Korpusunun rəhbəri Denis Kapustinlə müsahibəsi ilə əlaqədar ola bilər. Bildirilir ki, hakim “Vahid Rusiya” partiyasının nümayəndəsi Alşevskix həmin müsahibədən sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin yeni cinayət işinin məhz bu müraciət əsasında başlanması rəsmi şəkildə təsdiqlənməyib.









