Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb.
Tribuna.az Bizim.media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yeniyetmənin sığınacağa yerləşdirilmədiyini deyib.
O qeyd edib ki, məktəbli yalnız reabilitasiya proqramı çərçivəsində bir müddət orada qalıb, hüquq və öhdəlikləri izah edilib. Hazırda isə ailəsinin yanındadır və təhsilini davam etdirir.
Binəqədidəki Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin direktoru Əbülfət Əkbərov açıqlamasında şagirdin məktəbdən xaric edilmədiyini vurğulayıb.
Direktor əlavə edib ki, hadisə məktəbdən kənarda baş verib, şagirdin makiyajlı gəlməsi ilə bağlı isə sadəcə daxili qaydalara uyğun olaraq xəbərdarlıq edilib.
“Yeniyetmə qız sosial şəbəkədə yayılan görüntüləri sadəcə “layk” xatirinə paylaşdığını və bunun bu qədər geniş müzakirələrə səbəb olacağını düşünmədiyini bildirib. Hadisədən sonra isə valideyni öz istəyi ilə qızı Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparıb və yeniyetmə orada 3-4 gün qalıb”.
Hazırda qızın məktəbə gəlmədiyini deyən direktor qeyd edib ki, sinif rəhbəri şagirdin valideyni ilə əlaqə saxlayıb. Valideyn tərəfindən məktəbə bildirilib ki, yeniyetmə sığınacağa yaxın ərazidə yerləşən başqa məktəbdə dinləyici qismində dərslərdə iştirak edəcək:
“Kəmalə xanım deyib ki, qız sığınacağa yerləşdirildiyi üçün hazırkı mərhələdə sistem bağlı olduğundan onun məktəbə gedib-gəlməsi çətin olacaq. Buna görə də sığınacağa yaxın məktəbdə dinləyici kimi dərslərdə iştirak edəcək. Sistem açıldıqdan sonra isə yerdəyişmə həyata keçiriləcək və şagird bizim məktəbdən başqa məktəbə köçürüləcək”, – direktor bildirib.
Ə.Əkbərov vurğulayıb ki, məktəbin şagirdi xaric etmək səlahiyyəti yoxdur:
“Qızın sığınacağa yerləşdirilməsi ilə bağlı biz heç kimə müraciət etməmişik. Bu, valideynin öz arzusu və istəyi ilə həyata keçirilib. Hətta bildiyim qədəri ilə valideyni də bildirib ki, tək qadındır, maddi imkanı yoxdur və qızını saxlamaqda çətinlik çəkir”.
Direktor əlavə edib ki, şagird və valideyni istədiyi halda yeniyetmənin yenidən 217 nömrəli tam orta məktəbdə təhsil alması mümkündür:
“Şagird yerdəyişmə etmək istəməsə və yenidən bizim məktəbdə oxumaq istəsə, onun məktəbimizə qayıtmasına kömək edə bilərik. İndiyədək həmin şagirdin davranışı ilə bağlı müəllimlər tərəfindən hər hansı narazılıq bildirilməyib. Qiymətləri o qədər də yüksək olmasa da, intizamlı şagird olub. Onunla bağlı ilk dəfədir belə hal yaşanır”.
Əbülfət Əkbərov hadisənin məktəbdən kənarda baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, yeniyetmənin makiyajla məktəbə gəlməsi ilə bağlı isə məktəbin daxili qaydaları çərçivəsində tədbir görülüb.
“Əslində həmin addımın məktəbə aidiyyəti yoxdur, hadisə evdə baş verib. Lakin qız makiyajla məktəbə gəldikdə dərsə buraxılmayıb və girişdə ona makiyajını silməsi bildirilib. O da sanitar qovşaqda özünü səliqəyə saldıqdan sonra dərsə keçib. Dırnaqları da uzun idi. Lakin məktəbdə gigiyenik qaydalara əsasən dırnaqlarının kəsilməsi tələb olunmayıb, sadəcə valideyninə məlumat verilib ki, şagird məktəbə uzun dırnaqla gəlməsin. Valideyn də bunu nəzərə alıb”, – deyə direktor əlavə edib.









