“Qlobal” hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

“Qlobal” hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib.

 Tribuna.az xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzadə küçəsində yerləşən “Qlobal” oteldə baş verib. Hostel kimi fəaliyyət göstərən oteldə eyni otaqda gecələyən şəxslərdən biri digərinin yatmasından istifadə edərək onun əşyalarını oğurlayıb.

İttihama əsasən, təqsirləndirilən şəxs zərərçəkmişin yatdığını görüb. O, otaqdakı masanın üzərində olan 35 manat dəyərində kişi qol saatını, telefonun qoruyucu üzlüyündə saxlanılan 400 manat nağd pulu və 630 manat dəyərində “Honor 400 Lite” markalı mobil telefonu götürüb. Telefonun üzərində 20 manat dəyərində mobil nömrə də olub.

Beləliklə, zərərçəkmişə ümumilikdə 1085 manat məbləğində maddi ziyan dəyib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib. O bildirib ki, Masallı rayonunda yaşasa da, Bakıya gələndə gecələmək üçün adətən “Qlobal” hosteldə qalırmış. Hadisə günü də şəxsi işləri ilə əlaqədar paytaxta gəlib və həmin hosteldə yerləşib.

Onun sözlərinə görə, otaqda qalan şəxslər yatarkən zərərçəkmişə məxsus “Honor 400 Lite” markalı telefonu və qol saatını götürərək oradan uzaqlaşıb. O, telefonun üzlüyündəki 400 manatı oğurlamadığını iddia edib.

Təqsirləndirilən şəxs mobil telefonu və qol saatını “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını bildirib. Məhkəmədə telefonun 150 manata, saatın isə 25 manata satıldığını deyib.

Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində telefonun üzlüyünü çıxararkən içərisində 400 manat pul və bank kartı gördüyünü etiraf edib. O, kartdan istifadə edərkən tutulacağından ehtiyat etdiyi üçün onu sındıraraq yola atdığını bildirib.

Zərərçəkmiş məhkəmədə bildirib ki, Xaçmaz rayonundan Bakıya şəxsi işləri ilə əlaqədar gəlib və gecələmək üçün münasib qiymətə görə “Qlobal” hostelə üz tutub. O, səhər saatlarında oyandıqda telefonunun və qol saatının yerində olmadığını görüb.

Zərərçəkmişin sözlərinə görə, telefonun üzlüyündə saxladığı 400 manat da yoxa çıxıb. O, hadisə barədə polisə məlumat verib. Zərərçəkmiş əlavə edib ki, oğurlanmış bank kartından istifadə edilməyib, kart hesabındakı 75 manat isə götürülməyib.

O, təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəmədiyini, buna görə də onunla barışmadığını və məsuliyyətə cəlb edilməsini istədiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.1-ci maddəsi (oğurluq) ilə təqsirli bilib və ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Qaynarinfo