“AFB Bank”ın sahibinin sığorta biznes daralır – yığımlar yarım milyon manata yaxın azalıb

“AFB Bank”ın sahibinin sığorta biznes daralır – yığımlar yarım milyon manata yaxın azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzSığorta” ASC-nin 2026-cı ilin yanvar-sentyabr aylarında sığorta yığımları azalıb, ödənişləri isə artıb.

Tribuna.az xəbər verir ki, şirkət hesabat dövründə 5,881 milyon manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə bu göstərici 6,358 milyon manat təşkil edib.

Beləliklə, “AzSığorta”nın yığımları bir il ərzində 477,3 min manat və ya 7,5% azalıb.

Şirkətin sığorta ödənişləri isə əks istiqamətdə dəyişib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında 1,364 milyon manat olan ödənişlərin həcmi 2026-cı ilin eyni dövründə 1,451 milyon manata yüksəlib.

Nəticədə sığorta ödənişləri illik müqayisədə 87,5 min manat və ya 6,4% artıb.

Yığımların azalması və ödənişlərin artması şirkətin ödəniş/yığım nisbətinin yüksəlməsinə səbəb olub. 2025-ci ilin ilk 9 ayında bu göstərici 21,4% olduğu halda, 2026-cı ilin eyni dövründə 24,7%-ə çatıb.

Başqa sözlə, şirkət bu ilin yanvar-sentyabr aylarında topladığı hər 100 manat sığorta haqqının təxminən 24,7 manatını sığorta ödənişlərinə yönəldib. Ödəniş/yığım nisbəti bir il ərzində 3,2 faiz bəndi artıb.

Beləliklə, “AzSığorta”da sığorta yığımlarının azalması fonunda ödənişlərin artması müşahidə olunur. Yığımların təxminən yarım milyon manat azalması və ödənişlərin yüksəlməsi şirkətin ödəniş yükünü artırıb.

Qeyd edək ki, “AzSığorta” ASC 2006-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20,3 milyon manatdır. “AzSığorta”nın səhmlərinin 100%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov eyni zamanda “AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarıdır. H. İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu barədə mediada yayılan məlumatlarla bağlı hər hansı rəsmi təkzib verilməyib.

Fərda Uğur