Qarabağ iqtisadi zonasında faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları yeni tələb irəli sürüblər.
Tribuna.az xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.
Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına görə Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər.
Ətraflı
İştirakçılar bildiriblər ki, hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər.
Onlar mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər.
Aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi infrastrukturun, o cümlədən Laçın yolunun fəaliyyətinə imkan verməyəcək və məsələ müsbət həllini tapana kimi yoldan çəkilməyəcəklər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.









