Qara dənizdə Rusiyanın 2 ədəd Su-27 təyyarəsi ABŞ-ın “MQ-9 Reaper” dronunu zədələyib. Əvvəlcə PUA-nın üzərinə yanacaq tökən təyyarələrdən biri sonra onun vinti ilə toqquşub. Zədələnən dron ABŞ komandanlığı tərəfindən batırılıb.
Tribuna.az yazır ki, politoloq Şahin Cəfərlinin fikrincə, bu hadisə bir daha təsdiqləyir ki, ABŞ və Avropa “eskalasiya olmasın” deyə Ukraynaya lazımi texnoloji silahları vermədikcə, Rusiya bunu zəiflik kimi qəbul edərək daha da irəli yeriyir:
“Ona görə də Qərb bu məntiqsiz siyasətinə son qoymalıdır.
Digər tərəfdən, Putin eskalasiyaya getməklə ABŞ daxili siyasətində Ukrayna mövzusundakı diskussiyalara da müdaxilə etmiş olur. Trampçılar Baydeni Ukraynaya yardım etməklə ABŞ-ı Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edirlər və səsləri getdikcə daha gur çıxır. Bu hadisə trampçıların bu mübahisələrdə arqumentlərini gücləndirməyə xidmət edir. Yəni Putin və Tramp bir növ paslaşır”.









