Gürcüstanda Telavi məhkəməsi Kaxetidəki hoteldə rusiyalı turist Yuliyaya hücum etdiyinə görə həbs edilən Giorgi Çiqladzeni azadlığa buraxıb.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Hadisə qadının rus dilində danışması səbəbindən baş verib. Yerli TV Pirveli televiziya kanalının məlumatına görə, həbs edilən şəxs 5000 lari girov müqabilində azadlığa çıxıb.
Hadisə beşulduzlu Agareni Estate hotelində baş verib. Bildirilib ki, 19 iyulda orada bir qrup qadın ad gününü qeyd edib. Dostlardan biri balkonda şampan açarkən aşağıdan kimsə qışqırmağa başlayıb ki, DJ avadanlığına zərər veriblər. Şifahi mübahisədən sonra bir kişi qapını döyüb və qadınların rus dilində danışdığını və qardaşının toyunu pozduğunu iddia edib.
Kişi onu otaqdan itələyərək çıxarmağa çalışan turisti yumruqla vurub yıxıb. Daha sonra yenidən şənliyə qayıdıb.
Hadisə nəticəsində rusiyalı turistin burnu sınıb və başından xəsarət alıb.









