Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iki günlük rəsmi səfərlə Hindistana gəlib. Cümə axşamı onun Hindistanın Baş naziri Narendra Modi ilə qeyri-rəsmi, qapalı “tet-a-tet” görüşü planlaşdırılıb.
Tribuna.az xəbər verir ki, Rusiya liderinin təyyarəsi Hindistan Hərbi Hava Qüvvələrinin Palam bazasına enib. Protokola zidd olaraq, Putini şəxsən Modi qarşılayıb. Putin Modi-ni dəfələrlə “həqiqi dost” adlandırıb.
Hər iki lider qırmızı xalçanın ortasında görüşərək əl sıxıb, qucaqlaşıb, daha sonra nümayəndə heyətlərinin üzvlərinə yaxınlaşıblar. Ardınca Putin və Modi qarşılanma rəqslərinə baxıb və hava limanından çıxmaq üçün ağ rəngli yolsuzluq avtomobilinə minib.
Hərbi hava bazasının hökumət terminalında Rusiya və Hindistan bayraqları qaldırılıb, həmçinin Rusiya prezidentinə salamlayıcı stend quraşdırılıb.









