Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır.
Tribuna.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bunu İrəvanda keçirilən “soyqırım cinayətinə qarşı dördüncü qlobal forum”da deyib.
Ermənistanın baş naziri hesab edir ki, regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır. Baş nazir həm rəsmi, həm də gündəlik səviyyədə heytspiçin (hate speech – nifrət nitqi. Müxtəlif dini, milli, mədəni və ya daha spesifik, submədəni dəyərlər sisteminin daşıyıcıları olan “opponentlərin” kəskin mənfi münasibətini ifadə edən linqvistik vasitələrin ümumiləşdirilmiş təyinatı – Qaynarinfo) istisna edilməsini atmosferin yaxşılaşdırılmasında mühüm element hesab edir.
Onun sözlərinə görə, soyqırımın qarşısının alınması mövzusu xalqlar arasında düşmənçiliyin pisləşməsinə və dərinləşməsinə səbəb olmamalıdır. Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq “türk”, “erməni” adlandırılması praktikasına son qoyulmasının vacibliyini bəyan edib.
Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü də çox vaxt “türk” adlandırırlar. Ancaq o, özü bunu özünə təhqir kimi qəbul etmir, buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalı olduğunu nəzərə alır. Paşinyan əmindir ki, etnik qrupların adları heç vaxt təhqir məzmununda olmamalıdır.
Paşinyan bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı təklif edib və bunun regional əməkdaşlığa töhfə verə biləcəyini qeyd edib.
“İdeya yeni deyil və mən həmişə onu dəstəkləmişəm. Amma mən mühüm, fundamental düstur təklif etmişəm – Ermənistan-Gürcüstan-Azərbaycan platformasından yalnız və yalnız bizim regionda “heytspiç”i istisna etmək üçün istifadə edilməlidir”, – o deyib.
Paşinyan əmindir ki, regional düşmənçiliyin və soyqırım təzahürlərinin qarşısının alınması bir sıra çox sadə, lakin vacib şeyləri ehtiva edir.









