“Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın. Əgər vəkilləri və ya ailəsi onun müdafiəsi ilə bağlı bizim quruma müraciət etsələr, məmnuniyyətlə ona hüquqi dəstək göstərərik”.
Tribuna.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi “Arzum”un 4 uşaq anası olduğunu, övladlarından birinin isə autizmli olduğunu xatırladaraq bildirib ki, bu amillər onun cəzasının yüngülləşdirilməsi və ya ev dustaqlığına buraxılması məsələsində nəzərə alına bilər: “Hesab edirəm ki, “Arzum” qəzada həyatını itirən şəxsin yas mərasimi və digər xərclərini öz üzərinə götürə bilərdi. Hətta tanışlardan borc alaraq təxminən 10 min manat və ya daha artıq məbləğdə maddi yardım göstərməsi də mümkün olardı. Bu, mərhumun ailəsinin ona qarşı münasibətinin yumşalmasına və bağışlamasına müəyyən təsir göstərə bilərdi”.
Hüquq müdafiəçisi deyib ki, qarşı tərəfin vəziyyətini də anlamaq lazımdır: “Bir ailə öz yaxınını itirib və həmin ev başsız qalıb. Düşünürəm ki, bütün bu məqamlar nəzərə alınsa, “Arzum”un ev dustaqlığına buraxılması məsələsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, hesab edirəm ki, qanunvericiliyimizdə bu kimi hallarla bağlı müəyyən dəyişikliklərə ehtiyac var. Xüsusilə də qəsd olmadan, təsadüf nəticəsində baş verən hadisələrdə cəzanın fərdiləşdirilməsi və yüngülləşdirilməsi imkanları daha geniş olmalıdır. Bu gün həbsxanalarda kifayət qədər qadın var ki, özlərini müdafiə edərkən cinayətkar statusu alıblar. Məsələn, əri sərxoş vəziyyətdə evə gəlib onu döyüb, qadın isə özünü müdafiə edərkən qarşı tərəfə xəsarət yetirib və ya ölümünə səbəb olub. Bununla yanaşı, elə hallar da var ki, qadın sevgilisi ilə birlikdə ərini qəsdən öldürür. Məncə, bu cür cinayətlər arasında ciddi fərq qoyulmalıdır və hüquqi qiymətləndirmə də buna uyğun aparılmalıdır. “Arzum” məsələsinə gəlincə, düşünürəm ki, 2 il keçdikdən sonra vəkilləri onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Bizim qurum da bu istiqamətdə dəstək göstərməyə hazırdır. Bildiyim qədərilə o, tək anadır və uşaqlarının qayğısını bilavasitə özü çəkib”.









