“Norveç Rusiya vətəndaşları Norveç təşkilatları tərəfindən ölkəyə dəvət olunsa belə, onlara viza vermir”. Bu barədə Norveçin dövlət strukturlarındakı mənbələrə istinadən “Barents Observer” nəşri məlumat yayıb. Vətəndaş cəmiyyəti təşkilatları iddia edirlər ki, son aylarda vizası olmayan ən azı bir rusiyalının müxtəlif tədbirlər üçün ölkəyə gəlməsini təmin edə bilməyiblər.
Kirkenesdəki Terminal B sənət məkanının əməkdaşı nəşrə bildirib: “Norveçin ruslara viza verilməsini dayandırması ilə bağlı rəsmi məlumat yoxdur. Lakin biz sənədləri, o cümlədən dəvətnamələri təqdim edəndə onlardan imtina edilir”.
Problemlər həm viza mərkəzinə sənədləri təqdim etmək üçün zaman ayrılmaması, həm də vizalar üçün müraciətlərə baxılarkən yaranır. İmtinalar Norveç hakimiyyətinin rusların ölkələrinə qayıtmayacağından qorxması ilə əlaqədar verilir. Qərbin insan haqları təşkilatları ilə əməkdaşlıq edən ruslara da vizaların verilmədiyi iddia edilir.
Sentyabrın əvvəlində Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ruslara vizaların verilməsi qaydalarını sərtləşdirib. Norveç Aİ-nin bir hissəsi deyil, lakin Şengen Sazişində iştirak edir. Eyni zamanda, Aİ ölkələri jurnalistlər, fəallar, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri kimi müəyyən kateqoriyalı vətəndaşlara viza verilməsini davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.
“Lakin belə bir hiss var ki, Norveç xidmətləri sadəcə olaraq bu istisnaya məhəl qoymurlar”,– “Barents Observer” yazır.
Norveç hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, vizalar Norveçdə yaşayan insanların qohumlarına verilir, işgüzar səfərlər və mədəni səfərlər üçün də viza almaq mümkündür. Rusiyada məzlum insanlar sığınacaq üçün müraciət edə bilər – lakin bunun üçün ölkəyə daxil olmaq lazımdır.









