Nəsimi Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Rayon icra hakimiyyətindən TİA.AZ-a bildirilib ki, iclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev iştirak ediblər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da əhalinin rifahının yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülüb. Eyni zamanda, qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2022-ci il noyabrın 10-da keçirdiyi müşavirədə verilən tapşırıqlarını yığıncaq iştirakçılarının nəzərinə çatdıraraq zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Payız-qış mövsümü ilə əlaqədar rayon icra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq fəaliyyət göstərən Qərargah tərəfindən əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı rayonlarda müşavirələrin keçirildiyi bildirilərək, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunub.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.















