3 ilə yaxındır Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə vəkillərin vəsatətləri dinlənilib.
Ekspertiza rəyində hadisə zamanı meyitin üzərində olmayan cins şalvar peyda olub. Bu cins şalvarın maddi sübut kimi göstərilməsi ilə bağlı rəy verən Aysel Cavadovanın məhkəməyə gətirilməsi ilə bağlı vəsatət verilib. A.Cavadova Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin lifli materiallar üzrə mütəxəssisidir.
Bunda başqa divarda tapılan qanın DNK analizinin aparılması ilə bağlı da İ.Süleymanov özü vəsatət verib. İbtidai istintaqda qeyd olunub ki, evin beş yerindən qan tapılıb. Təqsirləndirilən şəxs istəyir ki, qanın kimə məxsus olması aydınlaşdırılsın. Çünki ekspertiza yalnız qan qrupunu təyin etməklə kifayətlənib.
Ümumilikdə vəkillər tərəfindən 8 vəsatət verilib. Bunların bir çoxu yeni şahidlərin dindirilməsi ilə bağlı olub. Hakimlər vəsatətlərdən dördünü təmin edib.
Proses oktyabrın 26-da davam etdiriləcək.(Qafqazinfo)
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.









